Deputatın işi antikorrupsiya idarəsində
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sabiq rektor Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi dövrü araşdırır; ittihamlar təsdiq edilərsə…
Yanvarın 17-də Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ictimaiyyətin maraqla izlədiyi bir məsələ haqda da danışıb.
K.Əliyev jurnalistlərin suallarına cavab olaraq Hesablama Palatasının Azərbaycan Dövlət İqtisad Universitetində apardığı yoxlama materiallarına dair təhqiqatın davam etdiyini bildirib. O, istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, ötən ilinin oktyabr ayının 25-də də Kamran Əliyev bu mövzu ilə bağlı danışarkən bildirib ki, konkret olaraq kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək: “Bu barədə mətbuata da məlumat verilib. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ile ilgili görsel sonucu
Həmin vaxt sabiq rektorun dindirilməsi ilə bağlı mediada yayılan xəbərlərlə bağlı K.Əliyev bunları demişdi: “Bununla bağlı bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adıçəkilən və digər şəxslərlə bağlı məlumat verə bilmərəm”.
Ş.Hacıyevin özü isə son vaxtlar bu məsələ barədə danışmır. O, yalnız bir dəfə açıqlama verərək “mən bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki?” deyib. Mediada isə onun istintaqa çağırılıb dindirildiyi barədə iddialar var. K.Əliyev bu dəfə də konkretləşdirməsə də, istintaqın davam etdiyini təsdiq edib. Əgər istintaq nəticəsində mənimsəmələrin sabiq rektorun dövründə baş verdiyi, Ş.Hacıyevin bu işdə məsuliyyəti olduğu təsdiqlənərsə, o halda Baş Prokurorluq təqdimatla Milli Məclisə müraciət etməlidir. Təqdimat Milli Məclisdə razılaşdırılarsa, onun mandatı ləğv olunmalıdır.
Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Hesablama Palatası ile ilgili görsel sonucu
İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, 179.3.2-ci maddə üzrə 7 ildən 12 ilədək, 308.2 maddə ilə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulur.