Meyvə-tərəvəz məhsullarımız hara ixrac olunur?
Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracı 35 faizə yaxın artıb. Bunu Trend-ə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini bildirib ki, 2016-cı ildə Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının həcmi 372,8 milyon ABŞ dolları, 2017-ci ilin 11 ayında isə 452,7 milyon dollar olub: “Meyvə-tərəvəz məhsulları əsasən Rusiya, İtaliya, Almaniya, Ukrayna, Qazaxıstan, Polşa, Gürcüstan və digər ölkələrə ixrac edilir. Ümumilikdə 2017-ci ilin 11 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24,1 faiz artaraq 1,39 milyard dollar təşkil edib. Bundan əlavə, sənaye məhsullarının ixracı 20,5 faiz artaraq 729,8 milyon dollar, kənd təsərrüfatı və emalı məhsulları isə 28,3 faiz artaraq 656,9 milyon dollar olub. Həmin dövr ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracı 34,6 faiz artıb və 452,7 milyon dollar olub”.
S.Babayev Azərbaycandan ixrac edilən əsas meyvə-tərəvəz məhsullarına qabığı təmizlənmiş meşə fındığı, pomidor, xurma, alma, albalı, gilas, kartof, xiyar, soğan, şaftalı, nar, təzə üzüm və s. misal göstərib. O əlavə edib ki, ixrac olunan məhsulların çeşidinin artırılması istiqamətində mütəmadi olaraq işlər aparılır: “Məlum olduğu kimi, ölkəmizin, demək olar, bütün rayonlarında iqlim şəraitindən asılı olaraq geniş çeşiddə meyvə-tərəvəz məhsulları yetişdirilir. Yetişdirilən bu məhsulların bir hissəsi daxili bazarda istehlak edilir. Bütün regionlarımızda yetişdirilən bu məhsulların qalan hissəsi müxtəlif xarici ölkələrə ixrac edilir. Belə ki, tərəvəzlər əsasən Şəmkir, Xaçmaz, Lənkəran, Biləsuvar, Masallı, Abşeron, meyvələr isə Quba, Xaçmaz, Göyçay, Astara, Zaqatala və digər rayonlarda yetişdirilir”.