Millət vəkilinin məqaləsi Misir mediasında
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə, yoxsa inqilab?” sərlövhəli məqaləsi Misirin bir sıra nüfuzlu mətbuat orqanlarında yer alıb. Deputatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqaləsi Misirin “Şəbab Əiniyi”, “Əlvəsilə”, “Əssəhra” və Tunisin “Əttayma” portallarında dərc olunub.
Aktor.Az xəbər verir ki, Elman Nəsirov məqaləsində misirli və tunisli oxucuları münaqişənin fonunda Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, rəsmi Yerevanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi, eləcə də Azərbaycanın bu işğalla barışmayacağı barədə məlumat verir. Vurğulanır ki, COVID-19 pandemiyası nəticəsində yaxın aylarda təcavüzkar ölkədə yaranacaq ağır sosial-iqtisadi vəziyyət Ermənistan hakimiyyətinin təxribatlarını daha da artıra bilər və işğalçı ölkədə postpandemiya dövrünün daha ağır və kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil.
Məqalədə qeyd olunur ki, ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini postpandemiya dövrünün yeni reallıqları şərtləndirir. Müəllif dörd əsas reallığı şərh edir. Bildirir ki, ilk növbədə, eks-prezident Serj Sarkisyan 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyətini şərtləndirən vəziyyətı araşdıran xüsusi “deputat komissiyası” qarşısında ittihamlara cavab verməli oldu. İyun ayında öz işini başa çatdıracaq komissiyanın qərarı ilə Sarkisyanın da Köçəryanın yanına – məhbəsə göndəriləcəyi ehtimalı gözləniləndir. Bu da təbii olaraq, Ermənistan və Dağlıq Qarabağ klanları arasında qarşıdurmaya aparıb çıxaracaq. İkinci tərəfdən Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyil. O iki hissəyə: Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünüb. 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Müəllif onu da xüsusi olaraq qeyd edir ki, məqsəd Qarabağ klanını təkləyib hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Üçüncü tərəfdən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun aprelin 21-də verdiyi bəyanat Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, onun milli və dövlət maraqlarına xəyanətdə günahlandırılmasına, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Bundan başqa, baş nazir Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və biabırçı videogörüntülərin sosial şəbəkələrdə yayılması, əslində, hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun aşağı düşməsinin göstəricisidir. Dördüncü – sonuncu reallıq Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyinə qarşı tərəfin münasibətidir. Separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyanın siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq”ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedərək ölkəmizə qarşı hücum əməliyyatları aparacaqlarını bildirib.
Elman Nəsirov yuxarıda apardığı təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edir. Bildirir ki, məhz bu halda işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu barədə dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər. Gec olacağı təqdirdə ikinci variant – müharibə versiyası alternativsiz görünür. Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən uzaqlaşması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilib.
Sonda deputat vurğulayır ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir. Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.