Qüdrət Həsənquliyev: “İrandan Sazişin şərtlərinə tam əməl olunmasını tələb etməliyik” – MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi.Aktor.Az onun fikirlərini təqdim edir:
-Qüdrət bəy, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsi ilə əlaqədar bildirib ki, praktik nəticələr olmsa da İlham Əliyevlə görüşlərində “açıq və səmimi atmosfer” formalaşıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu tipli bəyanatların danışıqlara əngəl törətmək məqsədilə verildiyini bildirib. Hər kəs başa düşür ki, Ermənistan heç vaxt danışıqlar yolu ilə işğal etdiyi ərazilərdən geri çəkilməyəcək. Belə olduğu halda, danışıqların davam etdirilməsinin mənası nədir?
-Nə qədər ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə qərarı verməmişik, nəticə olmasa belə danışıqları davam etdirməliyik. Əks halda beynəlxalq birliyin ciddi təzyiqləri ilə üz-üzə qalıb, daha əlverişsiz vəziyyətə düşə bilərik.
-O zaman müharibə qərarını verməyimizə mane olan nədir? Rəsmi qaydada da deyilir ki, ordumuz hər an torpaqlarımızı işğaldan azad edə bilər.
-Hər bir iqtidar bu və ya digər həyati əhəmiyyətli məsələ barədə qərar qəbul edəndə ictimai rəyi mütləq nəzərə alır. Həmişə söyləmişəm ki, xalqımızın hələ çox kövrək olan siyasi elitasındakı azsaylı adamlar, ictimai fəallar istisna olmaqla geniş kütlələr münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdə gizli sorğu keçirib nəticələrini açıqlasa, hər kəs mənim nə qədər haqlı olduğumu görər. Regionun böyük dövlətləri də münaqişənin danışıqlar yolu ilə həllini istədiklərini söyləyirlər, həqiqətdə isə işğalçıya heç bir təzyiq göstərməməklə münaqişənin saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər.
-Onda daha neçə 30 il torpaqların işğal altında qalması ilə barışmalıyıq?
-Mən hər zaman söyləmişəm ki, oturub möcüzə gözləməməli, xalqla səmimi davranılmalı, münaqişənin danışıqlar yolu ilə həllinə dair onda heç bir illüziya yaradılmamalı, münaqişənin həllində əsas söz sahibi olan Rusiya ilə danışmalı, regionun digər böyük dövlətləri olan Türkiyə və İrandan kömək istəməliyik. Əgər Rusiya ilə danışıqlar baş tutmasa, onda torpaqlarımız uğrunda ölüm-qalım savaşına başlamalıyıq. Qısa müddətdə güclü iqtisadiyyat və güclü peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etməliyik. Amma bu mənim və BAXCP-nin mövqeyidir. Bütün xalqımız bu mövqedən çıxış edəndə torpaqlarımızı mütləq və böyük itkilər hesabına olsa da işğaldan azad edəcəyik.
-Qüdrət bəy, İranın adını çəkdiniz, amma onlar Ermənistana kömək edir. 2016-cı ildə İranla Azərbaycan arasında imzalanmış Sazişə əsasən Araz üzərində tikilən, yaxud tikilmiş iki su qovşağı və körpülər barədə Xələf Xələfovun mətbuata dediklərindən əlavə hansısa məlumatınız varmı?
-İranın Ermənistana kömək etməsi acı və müsəlmançılığa, xüsusilə islam dövlətinə yaraşmayan bir reallıqdır. Amma biz heç nədən çəkinmədən vəziyyəti dəyişmək üçün İranın müxtəlif ictimai – siyasi dairələri ilə ciddi işləməli, mədəni əlaqələri genişləndirməliyik. Cənubi Azərbaycan və islam həmrəyliyi faktorundan istifadə etməliyik. Biz cənubdakı milli haqlarından məhrum edilmiş soydaşlarımızın səsi olsaq, onlar səsimizə səs verəcəklər. Su qovşaqlarına gəldikdə isə, yazılanlardan başqa əlavə məlumatım yoxdur. Sazişə görə su qovşaqlarının tikintisində və istismarında bizim mütəxəssislər iştirak etməli, Azərbaycan tikintiyə çəkilən xərclərin 50%-ni ödəməlidir. Söhbət 100 milyonlarla ABŞ dollarından gedir. Əgər İran müqavilənin şərtlərinə əməl edib bizim mütəxəssisləri ora buraxmayıbsa, hazırada orada bizim mütəxəssislər yoxdursa və biz tikintiyə görə İrana pul ödəməmişiksə, bundan sonra onlara Sazişin bütün şərtlərinə tam əməl olunmayanadək bir qəpik də verməməli, İrandan Sazişin şərtlərinə tam əməl olunmasını tələb etməliyik. Əgər İranın Qarabağdakı qanunsuz işğalçı rejimlə əlaqəsi yoxdursa, bizim mütəxəssislərin orda olması əlavə söz-söhbətə və manipulyasiyalara son qoyar. İran bizə qarşı vicdanlı siyasət yürüdürsə müqvilənin şərtlərinə əməl etməlidir. Hökumət xalqımızı narahat edən bütün bu məsələlər barədə ictimaiyyətə geniş məlumat verməlidir.