Azay Quliyev ATƏT PA-da çağırış etdi: “Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad olunmalıdır”
ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Aktor.Az-ın məlumatına görə, Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş katibi Antonio Quterreşin qlobal səviyyədə atəşkəsin bərqərar olunmasına dair çağırışına münasibət bildirib. Azay Quliyev deyib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyir və hesab edir ki, atəşkəs münaqişənin dondurulması və ya status-kvonun gücləndirilməsinə deyil, yalnız münaqişənin həlli məqsədinə xidmət etməlidir. Odur ki, əks tərəfin Baş katibin çağırışını dəstəkləyən bəyanatları həm də yerində və ən əsası danışıqlar masası arxasında real fəaliyyətlə müşayiət olunmalıdır.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, ikinci mühüm məsələ COVID-19 pandemiyası ilə əlaqədar olaraq beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlərin vasitəçilik fəaliyyətinə təsiri ilə bağlıdır: “Hər birimiz nəzərə almalıyıq ki, münaqişənin sürətli eskalasiyasına dair real risklər COVID-19-dan deyil, münaqişənin həlli prosesindəki davamlı durğunluqdan qaynaqlanır. Düşünürəm ki, müvəqqəti beynəlxalq uçuş məhdudiyyətləri beynəlxalq vasitəçilərin mandatlarını icra etmələrinə maneə törətməməlidir. Əksinə, mövcud şərait münaqişədən zərər çəkən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına tam hörmət əsasında münaqişələrin həll olunmasına əlavə təkan verməlidir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti üçün xüsusilə vacibdir”.
Azay Quliyev deyib ki, üçüncü məsələ cari vəziyyətin münaqişədən zərər çəkən ölkələrin əhalisinə təsiri ilə bağlıdır. Qeyd etmək lazımdır ki, COVID-19 qanunsuz güc istifadəsi nəticəsində yaranan vəziyyəti beynəlxalq hüquq normalarına əsasən dövlətlərin qanuni tanımaması öhdəliyinə təsir göstərmir və bu vəziyyətin qorunmasına yardımın ayrılması üçün heç bir səbəb doğurmur: “Həmrəylik çağırışlarına əsaslanaraq, hesab edirəm ki, COVID-19 pandemiyasına qarşı mübarizə siyasiləşdirilməməlidir. Yuxarıda qeyd etdiklərim əsir və girovlarla bağlı vəziyyətə də şamil olunmalıdır”.
ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi xüsusilə koronavirus pandemiyası dönəmində Azərbaycan xalqında ciddi narahatlıq doğurur: “Çox narahatlıqla bildirirəm ki, bu iki azərbaycanlı mülki şəxs 6 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz girov saxlanılır, onların sağlamlıq durumlarını ciddi şəkildə ağırlaşdıran işgəncələrə və qeyri-insani rəftarlara məruz qalır.
Təəssüf ki, Azərbaycanın müvafiq təşəbbüslərinə baxmayaraq Ermənistan hələ də rəsmi Bakının əsir və girovların “hamının-hamıya” prinsipi əsasında mübadiləsi təklifinə dürüst ölkəyə xas olmayan şəkildə məhəl qoymur.
Fürsətdən istifadə edib səfir Tuula Yrjöladan xahiş edirəm ki, müvafiq beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq bütün əsir və girovların təhlükəsiz şəkildə geri qaytarılması məsələsini öz fəaliyyəti zamanı daim diqqət mərkəzində saxlasın”.
Azay Quliyev bildirib ki, dövlətlər, beynəlxalq təşkilatlar və bütün digər maraqlı tərəflərin humanitar yardım tədbirləri yalnız humanitar xarakter daşıyır və neytrallıq, qərəzsizlik və münaqişədən zərər çəkən dövlətlərin razılığı prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, eləcə də dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli birliyinə tam hörmət çərçivəsində həyata keçirilməlidir.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri koronavirus pandemiyasının misilsiz miqyasda yayılmasına və ümumilikdə ictimai qaydaların və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu olmasına baxmayaraq martın 31-də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkilər” məsələsinə də münasibət bildirib. Azay Quliyev deyib ki, məhz bu “seçkilər”dən dərhal sonra işğal edilmiş ərazilərdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb: “Bu, uzaqgörənliyi olmayan siyasətin ictimai səhiyyəyə necə təhlükə yarada biləcəyinin klassik nümunəsidir. Bildiyiniz kimi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz və qondarma “seçkilər” ATƏT-in Minsk Qrupu həmsədrləri də daxil olmaqla bütün beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə rədd edildi. Bu bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinin siyasi perspektivləri yoxdur və Ermənistan bunu ən tez zamanda anlamalıdır”.
ATƏT PA-nın vitse-prezidenti koronavirus böhranının insan hüquqlarının pozulması üçün sui-istifadə edilməməsinin əhəmiyyətini qeyd edən və beynəlxalq səviyyədə tanınmamış Dağlıq Qarabağ və Abxaziyada keçirilən qondarma “seçkilər”in qanunsuz olduğunu və ictimai səhiyyəyə təhlükə yaratdığını vurğulayan ATƏT Parlament Assambleyası Bürosunun üzvlərinə təşəkkürünü bildirib