Müxalifət İlham Əliyevi dəstəkləməlidir – Sərdar Cəlaloğlu
“Azərbaycan müxalifəti korrupsiyaya qarşı mübarizədə İlham Əliyevi dəstəkləməli və bu tarixi şansın əldən çıxmasına imkan verməməlidir”.
Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədri qeyd edib ki, bu gün korrupsiaya qarşı mübarizə müsbət qiymətləndirilməlidir.
“Doğrudur, görülən tədbirlər Azərbaycanda korrupsiyanın miqyasına görə dəryada bir damladır. Amma hər halda proses başlayıb. Bu proses davam etsə, korrupsiayaya qarşı mübarizə daha əhatəli aparılsa, bu ölkənin inkişafına böyük təsir göstərər.
Çünki uzun illər korrupsiya üzündən Azərbaycanın bir neçə 100 milyard dollar pulu dövriyyədən çıxarılıb. Nəticədə Azərbaycan iqtisadi, siyasi, sosial, mədəni inkişafdan qalıb. Hətta mən deyərdim ki, dövlətin mövcudluğu təhlükə altına düşüb. Ona görə də bu gün korrupsiyaya qarşı mübarizədə atılan addımlar müsbət qarşılanmalıdır”, – deyə Sərdar Cəlaloğlu vurğulayıb.
ADP sədri əlavə edib ki, korrupsiyanı aradan qaldırmaq üçün bütün sahələrdə ciddi islahatlar aparılmalıdır: “Korrupsionerlərə qarşı yox, korrupsiaya qarşı mübarizə aparılmalıdır. Yəni, bu gün bir icra başçısını tutub onun yerinə yenisini təyin etməklə iş bitmir. Mübarizə sistemli aparılmalı, köklü islahatlar həyata keçirilməlidir. Eyni zamanda illərlə bu hallara qarşı susan hüquq-mühafizə orqanları ilə bağlı da tədbirlər görülməlidir”. (Yenisabah.az)