Şura “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib – FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda konfrans keçirib. Konfransda 300-dən çox QHT sədri, həmçinin bir sıra media qurumlarının nümayəndəsi iştirak edib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açılış nitqində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı aparılan örnək mübarizədən, həmçinin dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışının QHT-lərin üzərinə qoyduğu vəzifələr haqqında danışıb. Azay Quliyev bildirib ki, bu gün neqativ halların öncədən qarşısının alınması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın tam təmini üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalı və bu məqsədlə ictimai nəzarəti gücləndirməlidir. Şura sədri onu da vurğulayıb ki, son günlər bir sıra rayon icra hakimiyyəti başçılarının həbsi bir daha onu sübut edir ki, cənab Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə sistemli və ardıcıl xarakter daşıyır və bu çətin mübarizədə ictimai sektor dövlət başçısını birmənalı və qətiyyətlə dəstəkləyir.
Azay Quliyev dövlət başçısının çağırışına dəstək olaraq QHT Şurası ilə Aztv-nin birgə layihəsi kimi həftəlik “İctimai nəzarət” adlı televiziya verilişinin hazırlanması və tamaşaçılarla təqdim olunması haqqında qurumun rəhbəri Rövşən Məmmədovla razılıq əldə olunduğunu da diqqətə çatdırıb.
Sonra konfransın əsas məruzəçiləri olan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov “Ölkədə aparılan sosial-iqtisadi islahatlara QHT-lərin dəstəyi”, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “İctimai nəzarət və etik standartlara riayət olunması”, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov “Yeni dövrün çağırışları və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış ediblər.
Onlayn konfransda AZTV– dən Faiq Hüsiyev, REAL TV– dən isə Lalə Nurəddinqızı çıxış edərək təmsil etdikləri televiziya şirkətlərinin Şura ilə hərtərəfli əməkdaşlığa, müxtəlıf mövzuda birgə layihələrin icrasına, ictimai nəzarətin təşkilinə hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdilər.
Konfransda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısını alınması, 200 min ailəyə ərzaq yardımının edilməsi, qana ehtiyacı olan xəstələr üçün geniş qanvermə aksiyasının təşkili istiqamətində və ümumilli həmrəyliyin gücləndirilməsindəki töhfələrinə görə QHT sektoru adından təşəkkür bildirilib. Təşəkkür məktubunun mətnini Milli QHT Forumunun sədri Rauf Zeyni konfrans iştirakçılarının diqqətinə çatdırıb və mətn (əlavə olunur) yekdilliklə qəbul edilib.
Sonra QHT rəhbərlərinin iştirakı ilə müzakirələr davam etdirilib və səslənən təkliflər əsasında iş planın hazırlanması haqqında razılıq əldə olunub.
MÜRACİƏT
Azərbaycan Respublikasının birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Bütün dünyanın koronavirus pandemiyası ilə (COVID-19) əlaqədar yaşadığı bu ağır və çətin günlərdə hörmətli Prezidentimiz cənab İlham Əliyevlə bərabər Azərbaycan xalqının sağlamlığının qorunması yolunda həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə görə qeyri-hökumət təşkilatlarının “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda keçirdiyi ümumrespublika konfransı iştirakçıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Azərbaycan rəhbərliyinin peşəkar idarəetmə bacarığı, qətiyyətli qərarları və səriştəli addımları nəticəsində bütün dövlət qurumlarının, özəl və ictimai sektorun potensialı koronavirus pandemiyası ilə mübarizəyə vaxtında səfərbər edildiyindən bu infeksiyanın ölkəmizdə kütləvi insan itkisinə səbəb olmasının qarşısı alındı. Azərbaycan dövləti tibbi-profilaktik tədbirlərlə yanaşı, büdcədən maliyyələşən qurumlarda əməkdaşların maaşlarının ödənilməsini, müvəqqəti olaraq qazanc yerini itirmiş insanlara, həssas təbəqələrin təmsilçilərinə kömək əlini uzadaraq onları birdəfəlik müavinətlər və digər ödənişlərlə təmin etdi. Azərbaycan xalqının ölkə rəhbərliyi ilə sıx birliyinin nümayiş olunduğu bu məsuliyyətli günlərdə ölkəmiz dövlətə dəstək, qarşılıqlı anlaşma, yardımlaşma və xeyriyyəçilik kampaniyalarında milli birliyin və həmrəyliyin ən böyük və parlaq nümunələrini yaşadı.
Hörmətli Mehriban xanım!
Rəhbərlik etdiyiniz, yaradılmasının 16-cı ildönümünü qeyd edən Heydər Əliyev Fondu COVID-19 pandemiyası dövründə bu ümummilli həmrəylik, yardımlaşma və xeyriyyəçilik hərəkatının döyünən ürəyi kimi çıxış edərək tariximizə öz missiyasının qızıl səhifələrini yazdı. Karantin rejimi dövründə reallaşdırdığı xeyriyyəçilik tədbirləri, qanvermə kampaniyası və 200 min ailəyə ümumrespublika aksiyaları ilə ölkəmizin bütün regionlarını əhatə edən Heydər Əliyev Fondu dar günün ən etibarlı dostu kimi yardıma ehtiyacı olan hər kəsin köməyinə çatdı və beləliklə, Sizin qayğıkeş rəhbər məramınızı və ana şəfqətinizi böyükdən-kiçiyə hər kəs hiss etdi.
Bu ağır günlərdə Sizin şəxsən media və sosial şəbəkələr vasitəsilə xalqımıza etdiyiniz səmimi və təsirli müraciətlər insanlarımızı müdhiş təhlükə qarşısında kimsəsiz qalmaq, ümidsizliyə qapılmaq fobiyalarından qorudu. Sizin böyük mənəvi-intellektual potensiala söykənən idarəçilik təcrübəniz, bir həkim olaraq gərgin zəhmət və əməyiniz sayəsində ölkənin bütün həkimləri, tibb işçiləri və səhiyyə ocaqlarının əməkdaşları yorulmaq bilmədən gecə-gündüz pandemiya ilə mübarizədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Azərbaycan xalqı və vətəndaş cəmiyyəti Sizin bu zəhmətinizi böyük minnətdarlıq hissi ilə yüksək qiymətləndirir.
Hörmətli Mehriban xanım!
Dünyanın ən böyük və tanınmış fondlarından olan Heydər Əliyev Fondunun xalqımızın və dövlətimizin güclənməsi, vətəndaşlarımızın sağlamlığı və sosial rifahı naminə həyata keçirdiyi misilsiz fəaliyyətə, pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması sahəsində irəli sürdüyü vacib təşəbbüslərə və icra etdiyi mühüm layihələrə görə ölkədə fəaliyyət göstərən QHT-lər adından bir daha Sizə təşəkkür edir, bu cür çətin və şərəfli missiyada Sizə, Fondun bütün kollektivinə uğurlar arzulayırıq.
Sizə dərin hörmətlə,
Qeyri-hökumət təşkilatlarının “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda keçirilmiş ümumrespublika konfransının iştirakçıları: 308 QHT
Bakı şəhəri, 6 may 2020-ci il