“Rövşən Məmmədov bizi şərləyib…” — AzTV-nin sürücülərindən Prezidentə MÜRACİƏT
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 9 əməkdaşı işdən çıxarılıb.
İşdən çıxarılan həmin şəxslər Demokrat.az-ın vasitəsilə Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir:
“Hörmetli cənab Prezident,
Sizə müraciətimizdə bildiririk ki, verdiyiniz göstərişlərə və ayrı-ayrı qurumlara etdiyiniz çağırışlara əsasən, pandemiyaya görə tətbiq olunan karantin dövründə heç bir işdən çıxarılma halı olmamalı, insanlar işlərini itirməməli və imkansız ailələrə yardım göstərilməlidir. Ancaq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Sizin bu cür hümanist tapşırıq və tövsiyələrinizə məhəl qoymadan, 9 nəfər sürücü vəzifəsində çalışan işçiləri hədə və şərləmə üsulu ilə aprelin 22-dən etibarən azad edib.
Möhtərəm Prezident,
Gözlənilmədən və haqsız yerə qəfil işimizi itirmək ailəli vəziyyətdə olaraq bizim üçün çox çətindir. Biz daima Sizin bütün sahələri əhatə edən uğurlu siyasətinizi və dövlətçiliyi dəstəkləmişik. Şübhəsiz ki, bu dəyişilməz olaraq qalacaq.
Cənab Prezident,
Yazıb sizdən xahiş edirik ki, AzTV-də bizə qarşı edilən haqsızlığın araşdırılmasına və bizim əvvəlki işimizə (sürücü vəzifəsinə) bərpa edilməyimizə müvafiq tapşırıqlarınızı verəsiniz!
Dərin Hörmətlə,
Mirzeyev Əlbaba Məmmədağa oğlu,
Məmmədov Anar Vaqif oğlu,
Əliyev Nurlan Seyran oğlu,
Süleymanov Faiq Əli oğlu,
Mehtiyev Tərlan Əlbala oğlu,
Mustafayev Vəfalı Nazir oğlu,
Nəqiyev Şakir Nəsib oğlu,
Sultanov Adil Əhmədağa oğlu,
Davudov Kamil Abid oğlu