GündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Azay Quliyev ictimai nəzarətin tətbiqindən danışdı – VİDEO

“Cənab Prezident mayın 1-də Baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı”

Aktor.Az xəbər verir ki, bunu Milli Məclisin mayın 5-də keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

Deputat çıxış edərkən aşağıdakı fikirləri bildirib:

“Gəlin görək ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur? Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə “İctimai İştirakçılıq haqqında” qanunu qəbul etməklə Azərbaycanda yaradılıb.

Qanuna əsasən, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi.

Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur.

Birinci heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görünmürlər.

Qanunun tələbinə baxmayaraq keçən 7 ildə  33 mərkəzi icra hakimiyyəti orqanından yalnız  11-də ictimai şura yaradılıb.

Yerli icra hakimiyyəti orqanında isə vəziyyət heç yaxşı deyil.  80 yerli icra hakimiyyəti orqanının yalnız 5-də ictimai şura təsis olunub.

Mən yerli özünüidarəetmə orqanlarından heç danışmıram.  Bələdiyyələrdə ümumiyyətlə bu haqda təsəvvür belə yoxdur. Ona görə də bu gün həmin qurumların fəaliyyətinə effektiv ictimai nəzarəti tətbiq etmək mümkün deyil.

Nəticədə şəffaflıq və real hesabatlılıq arxa plana keçir.  Problemləri qabaqcadan önləmək mümkün olmur.  Bu cəhətdən 4 rayonun icra başçılarının düşdüyü hamımız biabırçı vəziyyətin şahidi olduq.

Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi,  bu qurumu yaratmalıdırlar.

İkinci problem mövcud ictimai şuraların yaradılması və onların fəaliyyəti ilə bağlıdır. Əlbəttə ictimai şuraları yaradan bütün qurumların rəhbərlərinə təşəkkür etmək lazımdır. Lakin bəzi ictimai şuraların yaradılmasının mənasını başa düşmək çətindir.

– Belə ki, bir sıra ictimai şuralar formal olaraq yaradılır, yəni müvafiq icra hakimiyyəti özünə yaxın və loyal QHT-lərdən ibarət sanki bir alt qurum və ya lobbi qrupu formalaşdırır. Belə halda onlar necə ictimai nəzarəti həyata keçirə, nöqsanları ictimailəşdirə və ya problemlərin həlli üçün təkliflər verə bilər.

– Bundan başqa, bəzi nazirliklər ictimai şura üzvlərinə qrant verirlər. Bu da doğru deyil və ən azından ictimai iştirakçılıq haqqında qanunun 6.7-ci maddəsinin pozulmasına, maraqların münaqişəsinə və dövlət qurumundan şura üzvlərinin asılı olmasına gətirib çıxarır. Bu da ictimai nəzarətin mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir.

– İctimai şuraların bir çoxu nə illik hesabat verir, nə ictimai dinləmə və müzakirələr keçirir, nə də yanında fəaliyyət göstərdiyi qurumun işinin təkmilləşdirilmsi və problemlərin həlli istiqamətində təkliflər verir və yaxud hər hansı bir tənqidi hesabatlar lazırlayırlar. Buna görə də bu cür İctimai şuraların varlığı hiss olunmur.

– Bir də İctimai şuraların üzvlüyünə seçkilər şəffaf və rəqabət şəraitində keçirilməlidir ki, ora müstəqil və peşəkar şəxslər seçilə bilsinlər”