Marneulidə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
Gürcüstanın Marneuli merliyinin və Azərbaycan səfirliyinin 20 Yanvar faciəsinə həsr olunan birgə tədbiri keçirilib. Tədbir çərçivəsində şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, tədbirdə Marneuli meri Temur Abazov çıxış edərək 20 Yanvar faciəsindən 28 il keçdiyini və hələ də bu kədərli günün Azərbaycan xalqının yaddaşından silinmədiyini bildirib: “Bu gün biz 20 Yanvar faciəsinin ağrı-acısı barədə yenə də fikirlərimizi bildirir, şəhidləri anırıq. Aradan 28 il keçib, lakin biz bu faciəni hər zaman yadda saxlamalıyıq. Biz həmçinin, Gürcüstanda baş verən 9 Aprel faciəsini də anırıq. Həm Azərbaycanın, həm də Gürcüstanın kədəri eynidir. Biz hər il şəhidlərin ruhunu yad edirik. Hər iki ölkənin həlak olan vətəndaşları azadlıq uğrunda dünyalarını dəyişiblər. Mən arzu edirəm ki, eyni problem yaşayan iki qardaş və qonşu ölkənin işğal olunan 20 % torpaqları azad olunsun, qaçqınlar və köçkünlər öz torpaqlarına, dədə-baba yurdlarına qayıtsınlar, Bu, həm Azərbaycan, həm də Gürcüstan üçün gözəl bir xəbər olardı”.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və Marneuli rayon bələdiyyəsinin sədri Amiran Georqadze çıxış edərək 20 Yanvar və 9 Aprel faciələrinin Azərbaycan və gürcü xalqının eyni dərdi olduğunu və Rusiya Ordusunun həm Bakıda, həm də Tiflisdə faciələr törətdiyini, əliyalın insanların öldürüldüyünü bildiriblər.
Tədbirdə bildirilib ki, hər iki xalqın nümayəndələri azadlıq və müstəqillik uğrunda həlak olublar. Bildirilib ki, Gürcüstanda keçirilən silsilə tədbirlərdə 20 Yanvar faciəsi yüksək səviyyədə qeyd olunur və həm Azərbaycan, həm də gürcü ictimaiyyət nümayəndələri faciə qurbanlarını yad edirlər.
Tədbir çərçivəsində Marneulidəki AtaHoldinq İdman sarayında 20 Yanvar faciəsindən, işğal olunan Azərbaycan torpaqlarından bəhs edən kitabların və faciəni əks etdirən fotoların sərgisi təşkil edilib.
Sonda 20 Yanvar faciəsinə həsr olunan film nümayiş olunub.
Tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, səfirlik əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyət nümayəndələri iştirak ediblər.