GündəmKÖŞƏManşetSağlıqXəbər xətti

BU VİRUSUN HƏDƏFİ BİZ DEYİLİK, ABŞ VƏ… – Vüqar Məmmədov

Koronavirus pandemiyasının piki Azərbaycanda keçməkdədir. “EvdəQal” kampaniyası və karantin öz bəhrəsini verdi. Ölkə Prezidenti məmurların yarıtmazlığını görərək, özü vaxtında uzaqgörənlik göstərib prosesi nəzarətə götürdüyü üçün Azərbaycan bu sınaqdan ən az itkilərlə çıxmaqdadır. Dünyada yüz minlərlə insanın müxtəlif ölkələrdə evə qayıda bilmədiyi, ev həsrətində olduqları, aeroportlarda, kruiz gəmilərində qaldıqları zaman Azərbaycanın əhalisini vaxtında evə yığıldı və “EvdəQal” kampaniyasına başlanıldı. Məktəblər, universitetlər vaxtında qapandı, restoran və molların fəaliyyəti dayandırıldı, metro bağlandı. Bir sözlə, karantin vaxtında başladı.

Qəbul edilən qərarların doğru və ya səhv olmasını müzakirə etmədən müsbət nəticə verən liderliyin şahidi olduq. Lakin əvvəllər də olduğu kimi, indi də ölkə rəhbərliyinə yalan, tam və əhatəli məlumatların verilməməsini görürük, müşahidə edirik. Bu da nəticədə qəbul edilən qərarların doğruluğuna, lazımlığına kölgə sala, “Biz Birlikdə Güclüyük” şüarının gücünü və etibarlılığını azalda bilər. Çünki atalar sözü var: “Dost arası pak gərək!”, “Dost dostun eybini üzünə deyər”. Həmrəyliyi formalaşdırmaq üçün cəmiyyətdə, dövlətlə insan arasında olan münasibətlərdə paklıq, dürüstlük formalaşdırmalıyıq, buna görə də ilk növbədə rəhbərlər özləri dürüst olmalıdırlar. Yalançı, qorxaq, dürüst olmayan məmurlardan azad olmalıyıq.

03 aprel tarixində “AzPolitika.info” saytında “Bu pandemiya deyil, bu müharibədir” sərlövhəli məqaləmin yayımlanmasından 27 gün keçir. Həmin məqaləyə 100.000-dən çox baxış etmiş oxuculara və “AzPolitika.info” saytına minnətdarlığımı bildirirəm. İndiki situasiya o vaxtdan çox fərqlidir. Artıq bir aylıq müşahidələrimiz, yeni faktlar, rəqəmlər vardır. Onlar nə deyir? Bu haqqda bəzi məqamları bölüşmək istərdim.

Məqsəd ölkələrin iqtisadi potensialını çökdürməkdir!

Biincisi, məqaləmdə göstərilən proqnozlar doğruldu: pandemiya həqiqətən də bu vaxta qədər olan digər pandemiyalardan, epidemiyalardan fərqli olaraq tək tibbi-bioloji bir problem olmadı, qlobal siyasi, sosial, iqtisadi, maliyyə və s. problemə çevrildi.

Pandemiya Üçüncü Dünya Müharibəsinin qarşısını alıb, hərbi müharibəni iqtisadi müharibəyə çevirərək, ölkələrin iqtisadi potensialını çökdürməkdədir. Neft, aviasiya, dəmir yolu, dəniz, kruiz nəqliyyatları, turizm, idman, otel, sərgi, konfrans, restoran, logistika, xab bizneslərinə güclü zərbə vurdu, transmilli şirkətlər, bütün servis biznesləri öz fəaliyyətini dayandırdı.

Fransanın baş naziri və digərləri pandemiyanı “müharibədən və işğaldan bətər” adlandırdılar. Şəxsi fikrimi söyləmişdim, indi də fikrim dəyişməz qalır: ən çox udan tərəf Çin olacaq və ABŞ-da olan bəzi qüvvələr. Bunu tam dəqiqliyi ilə ABŞ-da ilin sonunda keçiriləcək prezident seçkilərindən sonra dünya biləcək.

4 milyard insan tam və ya qismən izolyasiya şəraitinə düşdü

İkincisi, pandemiya 215 ölkəni əhatə elədi. 4 milyard insan tam və ya qismən izolyasiya şəraitinə düşdü. Dünyada 3.121.118 yoluxmuş, 216.508 ölüm halları… Yəni yoluxanların 7%-ı dünyasını dəyişdi. Hər gün rəqəmlər artır… Yoluxanların, ölənlərin, sağalanların sayı böyüyür…

Elmi təhlil üçün statistik material genişlənir. 3 həftə əvvəl ölüm faizi 5,5% təşkil edirdi. Yəni bu artım məsələni ciddiyə almamağa heç bir əsas vermir. Lakin ciddiyə almaq karantinin olduğu kimi davam etdirilməsi anlamına da gəlmir.

Heç bir ölkədə dövlətlər alimlərin sözünü eşitmək istəmədi

Ücüncüsü, maraqlı bir fakt da ondan ibarətdir ki, heç bir ölkədə dövlətlər alimlərin sözünü eşitmək istəmədi. Heç yerdə! Söz sahibləri Ümumdünya Səhiyyə Təşkilat (ıÜST) məmurları, yerli məmurlar və media oldu. Dünya mediası başladı, milli medialar davam etdi.

Ortaya televiziya aparıcıları, TV ulduzları, qapazaltı beynəlxalq və milli səhiyyə məmurları buraxıldı. Bütün dünyada ssenari eyni oldu. Müğənniləri, şoumenləri, mədəniyyət işçiləri, deputatları, bəzi mətləbdən və elmdən uzaq həkimləri də dəvət edib, medianın istədiyini deməyə təhrik edirdilər. Rəsmi kanallarda media azadlığı olmadı. Media azadlığı oldu sosial şəbəkələrdə.

Yaradılan təşviş və panika yeganə panaseya kimi hamıda peyvəndləməyə doğru bir fikir formalaşdırdı. Bütün dünya yeni peyvənd gözləməkdədir. Xeyir ola?!

Hədəf ABŞ və Qərbi Avropadır!

Dördüncüsü, yoluxanların 80-87%-i ABŞ və Qərbi Avropadadır. 3.1 milyon yoluxmuşdan 2.6 milyonu oradadır. HƏDƏF oradır! Oranın liderləri bunu bilir, lakin açıq deyə bilmirlər axı – onların gücsüzlüyünü göstərəcək! Yoluxmuşların ölüm faizi isə orada 6-16% təşkil edir. 

Belçikada bu faiz 16, Fransada 14,3, Böyük Britaniyada 14, İtaliyada 14, Hollandiyada 12 təşkil edir. Dünyanın digər hissəsi, o cümlədən Azərbaycan HƏDƏF deyil!…

Yaxın Şərq, Asiya, MDB-də yoluxmuşların ölüm faizinə diqqət yetirin. Kəskin fərq görəcəksiniz! 

HonqKonq (0,04%), Sinqapur (0,09%), Qətər (0,1%), Baxreyn (0,3%), Özbəkistan (0,4%), Küveyt (0,5%), BƏƏ (0,6%), Belarus (0,7%), Səudiyyə Ərəbistanı (0,8%), Rusiya (0,9%), Qazaxstan (1%), İsrail (1,3%), Azərbaycan (1,3%), Tayvan (1,4%), Çili (1,4%), Pakistan (2,1%), Cənubi Koreya (2,2%), Türkiyə (2,5%), Ukrayna (2,5%), Yaponiya (2,6%)… Bu nə deməkdir?…

Məqalələrimi, əvvəlki postlarımı bir daha nəzərdən keçirin. HƏDƏF məsələsidir. Ola bilsin GENOTİP, FENOTİP məsələsidir.

Bu nəticə səhiyyəmizin uğuru deyil, bu, geopolitik oyunun gözlənilən bir nəticəsidir!

Beşincisi, səhiyyəmizlə lovğalanmağa hələ əsas görmürük. Bəzi göstəriciləri ortaya qoyub bir fokusda təqdim etsək, aldadıcı təsəvvür yaratmaq olar. Lakin obyektiv olmaq üçün onların qiymətləndirilməsini daha geniş aparmaqda fayda var.

Maska haqq-hesabı kimin kim olduğunu hamıya aşkarladı, kimlərin hansı maskalar geyib aramızda olduqlarını göstərdi. Bu da həmin operanın davamıdır. 

Məsələn, testlərin sayını söyləyirlər. Media da bunu təkrarlayır, böyük bir uğur kimi təbliğ edir. ABŞ-ın etdiyi 5 milyon testlə bizim yüz mindən çox olan testləri müqayisə etməyin yeri yoxdur. Bizim qədər test edən Belarus var, bizdən çox test edən Qazaxıstan var, 2 dəfə çox test edən Özbəkistan var.

Özbəkistanda 1939 yoluxma faktı ilə 8 nəfər ölüb. Yoluxanları dəfələrlə çox, lakin ölüm faizi az olan digər MDB ölkələri, ərəb ölkələri Azərbaycandakı nəticələri çox qabaqlayırlar. Burada lovğalanmağa nə əsas ola bilərki?

Azərbaycanda 1700+ yoluxanın 1,3%-i dünyasını dəyişibsə (22 nəfər), 14.951 yoluxmuş xəstəsi olan Sinqapurda 14 nəfər ölüb (ölüm faizi 0,09%), 11.921 xəstəsi olan Qətərdə 10 nəfər ölüb (0,1%), 2811 xəstəsi olan Bəhreyndə 8 nəfər ölüb (0,3%), Özbəkistanda və Küveytdə 0,4%, 11.380 xəstəsi olan BƏƏ-də 0,6%, 20.077 xəstəsi olan Səudiyyə Ərəbistanında ölüm faizi 0,8%, 12.208 xəstəsi olan Belarusda ölüm faizi 0,7%, 93.558 xəstəsi olan Rusiyada 0,9 %, 3027 xəstəsi olan Qazaxıstanda 1%. Azərbaycanda isə yoluxanların ölüm faizi 1,3% olub. Dünya statistikası ilə yaxşıyıq, lakin gəlin regionumuza baxaq. Dedik axı, regionumuz HƏDƏF deyil (burada lovğalıq yox, şükür etmək daha uyğun olar). Bu nəticə səhiyyəmizin uğuru deyil, bu, geopolitik oyunun gözlənilən bir nəticəsidir. Lakin bütün hallarda, sovet səhiyyə sistemini quranlara və onu qoruyub saxlayanlara rəhmət, dağıdanlara isə lənət düşür!

Çinin satellitləri olan ölkələrdə ölüm faizləri cüzidir…

Altıncısı, Çinin milyonlarla əhalisi olan satellitləri – Tayvan (1,4%, 429 yoluxan, 6 ölən), Honqkonq (0,04%, 1038 xəstə, 4 ölən) və Sinqapurda (14.951 xəstə və 14 ölən) ölüm faizləri cüzidir. 

Bu məsələ ümumiyyətlə geniş müzakirə oluna bilər. Fikrimcə, bu reallıq yuxarıda Çin haqda dediklərimin tərkib hissəsidir.

Çinin bu işdə rolunu da, orada həqiqətən nələrin baş verdiyini də bizə tarix göstərəcək. Şimali Koreya lideri ilə nə baş verdiyini bu gün heç kim real olaraq bilmədiyi kimi, bunu da hal-hazırda heç kim bilmir. Bu dövlətin əsl gücünü yalnız bilən bilir…

10 milyonun hamısı yoluxsa belə, 99%-ı sağalacaq!

Yeddincisi, əsas sevindirici reallıq budur ki, Azərbaycan genotipi, coğrafiyası virusun HƏDƏFİ deyil. Bizdə hər şey İnsanlarımız, Xalqımız, Millətimiz üçün yaxşı olacaq.

Ən pis ssenari belə olsa, Azərbaycanın 10 milyon əhalisinin hamısı yoluxsa belə, 99%-ı sağalacaq. Daha nə lazımdır?

Sakitləşdirici digər statistik nəticə: dünyada orta hesabla 1 nəfər ölənə 5-7 nəfər sağalan varsa, Azərbaycanda bu mütənasiblik 1:56-dir.

Yəni 1 nəfər ölənə qarşı 56 sağalanımız var. Özünüz də görürsünüz ki, sağalanların sayı ölənlərin sayından dəfələrlə çoxdur. Bunları niyə təhlil edib insanlarımıza deyən yoxdur? Bu bəyəm yaxşı göstərici deyil?… 

Məqaləmdə bildirdim ki, xəstələnənlərimizin 80%-i bunu yüngül, ağırlaşma simptomları olmadan keçirəcək, qorxmayın…. Belə də oldu. Bunu sonra özləri görüb etiraf etmədilər bəyəm? Bu cür xəstələr ev şəraitində də nəzarət altında müalicə oluna bilər. Onu təşkil etməyi fikirləşən var? İnsanları 4 və 5 ulduzlu otellərdə dövlət hesabına yox, öz evlərində də nəzarət altında saxlamaq olar, digər ölkələrdə olduğu kimi. Bu xərclər axı dövlətin ayırdığı pulu əridir…

Səkkizinci, həkimlərimizin, tibb işçilərimizin qəhrəmanlığını bir daha qeyd etmək istərdim. Dünyada ekoloji durumun yaxşılaşması, hərbi münaqişələrin səngiməsi və digər müsbətlərlə yanaşı bu pandemiyanın əsas müsbətlərindən biri də o oldu ki, həkimə olan münasibət dəyişdi, həkimin hörməti yenidən qalxdı. Bütün dünyada. Həkimlərin şəxsi fədakarlığını səhiyyənin təşkili ilə qarışdırmayın!

Siyasətçilər bunu öz məqsədləri üçün qarışdırır. Lakin həqiqətləri görmək lazımdır. 1500+ yoluxmuş xəstəmiz olarkən, dedilər 300 nəfəri həkim/tibb işçisidir. Yəni hər 5 yoluxmuş xəstəmizin 1-nin tibb işçisi olması – bax bu səhiyyəmizin təşkilinin nə vəziyyətdə olmasını eşitdiklərimizdən daha yaxşı göstərir. İlk gündən bu zəif nöqtəni diqqətə çatdırmışdıq – hələ martın əvvəlində… Qulaq asan kim?…

Səhiyyəmizin dərin problemlərini hamıdan gözəl həmin qəhrəman həkimlərimiz bilir. Atalar sözü var, “ağa ağ, qaraya qara demək lazımdır”. Bu vaxta qədər təltiflərə niyə heç kimi təqdim etmirsiniz? Həkim şəhidimiz oldu, ona niyə bir ad verilmədi, rəsmi təşəkkür belə edilmədi?… 

Bu modul xəstəxanalar – işbazlardan başqa onlar kimə lazımdır? Xəstəxana qıtlığı var ki, onların inşası ölkə rəhbərliyinə təklif olunur? Bu respublikada hamı artıq bilir ki, tikinti pul qazanmaq üçün edilir. Lazım oldu-olmadı, pullar elə o adla mənimsənilir.

Həmin pulları qəhrəman həkimlərə, ehtiyacı olan insanlara verməyiniz daha yaxşı olmazdımı? Oradan qazanc olmadığı üçün bunu təklif edən yox. Dəyəri qəpik-quruş olan milli istehsallı maskanın 30 qəpiyə satılması elan olunursa, Türkiyə nümunəsi ilə pulsuz paylanılmırsa, daha nə deyəsən. Bundan da pul qazanmaq üçün istifadə olunarmış.

Digər tərəfdən, koronavirus bütün digər səhiyyə istiqamətlərini demək olar ki, iflicə saldı. Hamı koronavirusla məşğuldur. Ürək damar xəstəliklərindən, metabolik sindromlardan baş verən infarktlar, insultlar yaddan çıxdı. Şikayətlər daxil olur ki, bu adamlara baxan yoxdur, köməksiz qalıb ölənlər oldu. Etiraf edək ki, media vasitəsilə qurulan səhv kommunikasıyalar evdə qalan yaşlı, 65+ insanlarımızı qorumaqla yanaşı, həm də fiziki, psixoloji cəhətdən nə qədər geriyə atdı.

COVID-19 insanlarda məsuliyyət və həmrəylik hisslərini oyatdı

Doqquzuncu, virus bir çox müsbət məqamları üzə çıxardı. Həkim peşəsinin hörmətinin cəmiyyətdə artması, şəxsi gigiyenaya diqqət, hərbi münaqişələrin səngiməsi... Dünyanın ekoloji təşkilatlarının illərlə həll edə bilmədiyini COVID-19 qısa bir müddətdə həll edib təbiətə yaxşı təsir göstərdi. Bunlarla yanaşı, insanlarda məsuliyyət və həmrəylik hisslərini oyatdı. İnsanlar həmrəylik göstərməyə başladılar. Həmrəylik – mənəvi dəyərdir, bunun bir dəyər kimi əhəmiyyəti artdı. O, artıq unudulurdu. 

Xüsusən də məmurlarımız tərəfindən ki, onlar özlərini başqa planetdə  zənn edirdilər. İndi bəziləri başa düşməyə başladı ki, toxunulmaz yoxdur. Hamı istənilən an yox ola bilər, təhlükə hamıya eyni dərəcədə dəyə bilər. Hər kəs vəzifəsindən asılı olmadan Allahın bəndəsidir. Bunu başa düşmək üçün qorxu əmələ gəlməlidir və yaxud insaf.

Bu qorxu onlarda əmələ gəldi, həm tibbi, həm də iqtisadi faktorların təsiri nəticəsində. Bəziləri başa düşdülər ki, müqəddəs Qurani-Kərim yazdığı kimi, qurduqları o gözəl bağları Allah bir anda külə çevirə bilər. “Birlikdə Güclüyük” şüarı burdan əmələ gəlib.

Bu şüar tək bizdə deyil. Rusiyada, Türkiyədə və digər ölkələrdə eyni ssenari ilə TV-lərdən bu şüar təbliğ olunur. Liderlər başa düşdülər ki, liderliyi saxlamaq üçün bu vəziyyətdən alnı açıq çıxmalıdırlar, xalqın dəstəyi gərək. Yaxşı niyyətdir. Güc birlikdədir! Birlik harda, dirilik orada! Bunu başa düşmək üçün virus lazım olmamalı. Ağa ağ deyilməli, qaraya qara.

4 maydan sonra ciddi yumşalmalara ehtiyac var

Onuncu, dünya krizisi davam edir. Lakin bu krizis, söylədiyimiz kimi, insanların fiziki mövcudluğuna qarşı yönəlməyib. Bu krizisin əsas məqsədi – iqtisadiyyatı çökdürmək, kütləvi panika və psixoz yaradaraq dövlətləri iflic vəziyyətə salmaq və ya ola bilsin ki, siyasi proseslərə təsir göstərməkdir. Bunları da hələ görəcəyik.

Bunun qarşısını almaq üçün doğru təhlillər aparıb, doğru qərarlar verilməlidir. İnsanları qorxutmaq yox, onları rahatlaşdırmaq lazımdır. Bu rolu da KİV-lər yerinə yetirməli olduğu halda, əfsuslar olsun ki, KİV-lər əks fəaliyyət göstərir. Bu haqda rəsmi instansiyalara bir ay əvvəl müraciət və təkliflər göndərdik. Bilirəm ki, onlar gizlədildi, lakin onları oxuyanlar müəyyən şeyləri nəzərə aldılar.

4 maydan sonra ciddi yumşalmalara ehtiyac var, karantinin 50% aradan qaldırılmasına, normal həyata qayıtmağımıza əsaslar var. Evdən kənarda məsafə, şəxsi gigiyena və qoruyucu tədbirləri saxlamaqla, bunu edə bilərik. Məktəb, universitet, xeyir-şər, mollar, restoranlar qapalı qala bilər. 

Lakin parklar açılmalı, insanlar çıxıb parklarda gəzə bilməlidirlər. Onları daha bir ay evdə saxlasaq, digər xəstəliklərin – piylənmənin, aqressiya, stresin artması nəticəsində xəstələnmə və ölüm halları yüksələcək.

Əfsuslar olsun ki, KİV-lərin əhali ilə məlumat mübadiləsində koronavirus infeksiyası yenə də ölümlə bərabərləşdirilir. Televiziyada, internetdə oxuduğumuz materiallar evdə oturan insanları panikaya, stresə, depressiyaya salmaqda davam edir. Gün ərzində oxuduğumuz 10 məlumatdan 9-u neqativdir. İnsanlar ruhən sarsılır. Tibbdə verilən dərmanın dozası düz seçilməlidir. Yaxşı dərman belə artıq dozada toksik, bəzən ölümcül təsir göstərir. Xəstəlikdən qorunmaq lazımdır, lakin QORXMAMAQ.

Virusa qalib gələn immunitetdir!

Onbirinci, koronavirusla uzunmüddətli mübarizədən qalib çıxmağımız üçün evdə qalmaqla yanaşı immunitetimizi də qorumalıyıq. Virusa qalib gələn evdə qalmaq yox, immunitetdir! Onu qoruyun!

Bir həkim, alim, ekspert kimi tövsiyə edirəm: ruhunuzu, immunitetinizi qoruyun. Bunun üçün:

– Xəstəlikdən, xəstələnmədən qorxmayın. Qorunun, lakin qorxmayın!

– Psixoloji rahatçılığınızı qoruyun. Psixoloji stabillik sağlamlığınız və immunitetiniz üçün məlumatlı olmaqdan daha vacibdir. Əgər televiziya, internet, KİV-lərdə olan məlumatlar sizi narahat edirsə, qorxudursa, onlara baxmayın, oxumayın. Əvəzində, telefonla ailə üzvləri ilə, dostlarınızla çoxlu söhbətləşin, ünsiyyətdə olun.

– Təmiz hava vacib şərtdir. Qorunaraq təklikdə təmiz havada olmağınız vacibdir. Evinizin havasını tez-tez dəyişin.

– Yaxşı qidalanmaq vacib şərtdir. Meyvə, tərəvəz, soğan, sarımsaq… yaxşı yuyulmadan sonra. Vitamin əlavələri.

– Fiziki aktivliyi unutmayın. Evdə ayaqüstü işlər fikirləşin ki, daim oturaq və uzanıqlı vəziyyətdə olmayasınız. İdman edə bilsəniz, lap yaxşı.

– Şəxsi gigiyena, əllərin sabunla yuyulması. Maskanın da lazım olan yerdə və vaxtda istifadəsi. TV-də maska istifadəsinə aid jurnalistlərin, məmurların elə bir münasibətini görürük ki, adamın gülməyi gəlir. Bu vaxta qədər maskanın doğru istifadəsi barədə əhalini məlumatlandıra bilməyiblər. Maskadan səhv istifadə xeyirdən çox zərər verə bilər, bunu unutmayın.

Aprelin əvvəlində İTV-nin efirində aparıcının israrlı sualına cavab olaraq, pandemiyanın Azərbaycanda may ayında səngiməsini proqnoz vermişdim. İnanıram ki, müqəddəs Ramazan ayı Xalqımıza əmin-amanlıq gətirəcək və koronavirus pandemiyasından çıxacağıq. Şərqin böyük alimi İbn Sina demişdir:

Qorxu – xəstəliyin yarısıdır.

Rahatçılıq – sağlamlığın yarısıdır.

Səbr – sağalmanın başlanğıcıdır.

Atalar sözümüz də var: Yaman günə səbr edən, yaxşı günə tez çatar. Xalqımız çox səbrli xalqdır və səbr etdi. Bu yaman günü də görməyimizdə fayda oldu. Yaman günü görməyən yaxşı günün qədrini bilməz. Yaxşı, azad günlər inşAllah, yaxındadır.

 

Vüqar Məmmədov, 

tibb elmləri doktoru, məhkəmə təbabəti professoru,

Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, YUNESKO eksperti, Azərbaycan Tibbi Hüquq və Bioetika İB-nin sədri