Azərbaycan QHT-lərinin yardım kampaniyası Rusiya mediasında
Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan bu qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir.
Rusiyanın məşhur “Rus Velikaya” Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.
Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.
Qeyd edək ki, xeyriyyə kampaniyasının estafetini Azərbaycanın götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Rusiyanın müxtəlif tanınmış saytlarında (https://russia24.pro/moscow/242521477/; https://pikabu.ru/story/yestafeta_immuniteta_7405490; https://m.ru24.net/moscow/242521477/ və s.) Azərbaycan QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb.
Xatırladaq ki, “Rus Velikaya” Beynəlxalq Fondu 2019 -cu ildə yaradılıb. Rusiyanın mötəbər və tanınmış ictimai xadimlərinin üzv olduğu təşkilatın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti həmyerlimiz Səadət Qarayevadır.
Kampaniyaya qoşulan QHT-lər aşağıdakılardır:
1. Təmiz dünya qadınlara yardım İctimai Birliyi
2. Azərbaycan Qadınları Respublika Cəmiyyəti
3. “Lira” Gənc İstedadlar İctimai Birliyi
4. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi
5. Diaspor Jurnalistləri İctimai Birliyi
6. Nefçala Qadınlarının Sosial İnkişafına Dəstək İctimai Birliyi
7. Sabirabad Qadınlarının Sosial İnkişafına Dəstək İctimai Birliyi
8. Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi
9. “Gələcəyə Qayğı” Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyi
10. Ekoloji Təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyi
11. Əlil Qadınlar Cəmiyyəti
12. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi
13. Əlilliyi olan Uşaq və Gənclərin idmana inteqrasiyası İctimai Birliyi
14. Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi
15. Peşə Yönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
16. “Yeni Yol” Gənclərin Maarifləndirməsi İctimai Birliyi
17. “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi
18. Regional İnkişafa Yardım İctimai Birliyi
19. Tərtər rayonu sosial-iqtisadi ve kənd təsərrüfatının inkişafina dəstək İctimai Birliyi
20. Gənclərin Töhfəsi İctimai Birliyi
21. Respublika Qadınlar Cəmiyyəti
22. Dünya Azərbaycanlıları Platforması İctimai Birliyi