Tibb müəssisələri ilə videokonfrans formatında müzakirələrlər aparılıb
Azərbaycan Respublikasında koronavirus pandemiyası (COVID-19) ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələri ilə virtual görüş və müşavirələr videokonfrans sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir sıra tibb müəssisələrində Cisco Webex Video Platforması üzərindən videokonfrans sistemi qurub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Aktor.Az-a verilən məlumata görə, sistemin qurulmasında məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargah, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri və tibb müəssisələrinin baş həkimləri ilə birgə koronavirusla bağlı mövcud vəziyyətin müzakirəsində, iş prosesində yaranan problem və təkliflərlə bağlı fikir mübadiləsinin aparılmasında, eyni zamanda ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübələrin bölüşülməsində virtual ünsiyyətin təmin edilməsidir.
Hazırda videokonfrans sistemi Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris Cərrahiyyə Klinikaları, M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Klinik Xəstəxanası, 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, Quba, Balakən, Şəki, Qobustan, Ağdaş, Goranboy, Şəmkir, Qazax, Ağcabədi, Sabirabad, İmişli, Astara, Masallı, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Saatlı, Şirvan və Cəbrayıl rayon Mərkəzi Xəstəxanaları, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Lənkəran Müalicə Diaqnostika Mərkəzində qurulub.
Sistemin respublikanın digər rayon mərkəzi xəstəxanaları və müalicə diaqnostika mərkəzlərində qurulması üzrə işlər davam etdirilir.