Bu bizik, o da onlar… – Elməddin Behbud “erməni soyqırımı”ndan yazdı
Ukrayna Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət qurumlarına məktub göndərərək “erməni soyqırımı” ifadəsini işlətməmələrini tapşırıb. Məktubda xüsusi olaraq qeyd olunub ki, Ukrayna “erməni soyqırımı”nı tanımır və Osmanlı İmperiyasının erməni əhalisi ilə bağlı baş verən hadisələr BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi “soyqırım” termini tərifinə daxil edilmir.
Bu rəsmi qadağaya baxmayaraq valideynlərindən biri erməni olan Ukraynanın Daxili işlər naziri Arsen Avakyan vətəndaşı olduğu dövlətin və yüksək eşalonunda təmsil olunduğu hakimiyyətin maraqlarına qarşı açıq şəkildə çıxmaqdan çəkinmədi. Keçmişdəki analoji hərəkətlərini xatırlamasaq belə bugünkü tviti ilə erməniliyin onun üçün hər şeydən üstün olduğunu göstərdi. Bəli, dini, siyasi mənsubiyyətinin yox, milli kimliyinin!
Başını liberalizm və kosmopolitizm küləklərinin “üşütdüyü” bir çox azərbaycanlının müdrik sima alıb bəşəriyyətin müdafiəçisi qismində soyuna, millətinə, vətəninə bağlılığı saxta nəzəriyyələr və çürük fikirlərlə yeri gəldi-gəlmədi tənqid edib millətçiliyi “faşizm”lə eyniləşdirdiyi dövrdə çatışmazlıqlarımızı düşünüb sağlam müzakirələr aparmaqda çox fayda var. Dünyanın siyasi, iqtisadi konfiqurasiyasının yenidən dizayn edildiyi hazırkı dönəmdə bu xüsusilə vacibdir.
Doğrudur, çox sayda yüksək milli şüura malik olan, vətəni üçün hər cür fədəkarlığı edən, sözdə yox əməldə vətənpərvər olan xarici ölkələrin vətəndaşlığını daşıyan soydaşımız, diaspor nümayəndələrmiz də var. Amma Ukraynadakı nazirin davranışındakı israrı (əməllərini və xislətini yox!) nümayiş etdirən nə qədər vəzifəli azərbaycanlı var? Bax bu suala cavab verməkdə çətinlik çəkirəm.
Ermənilərlə bağlı Ukrayna nümunəsi yeganə deyil. Elə isə biz də çönüb özümüzə baxaq… Əhalisinin tən yarısından artığı türk olan, 35 milyon Azərbaycan türkünün yaşadığı və ölkənin isteblişmentinin həlledici kəsimini təşkil etdiyi İranda isə bu gün ermənilər ötən illərdəki kimi olmayan “soyqırımlarını” təntənəli şəkildə qeyd ediblər. Dövlətin rəsmi İRNA informasiya agentliyi də bu tədbiri soyqırım terminindən istifadə edərək işıqlandırıb. Nə qədər axtarış aparsam da, fars dilini bilən dostlardan yardım xahiş etsəm də bir azərbaycanlı nazirin, dövlət müşavirinin, ali ruhani dairənin təmsilçisinin bu biabırçılığa kəskin etiraz etdiyinin, vətəndaşı olduqları dövləti quran və bu gün də çiyinləri üzərində saxlayan on milyonlarla Azərbaycan türkünün milli hisslərinin təhqir olunduğu, milli mənafeyinin tapdandığı ilə bağlı hayqırtısını eşitmədim, görmədim, oxumadım. Özlüyümdə bunun sosial, ictimai, siyasi səbəblərini düşünür, təhlillər aparıram. Amma nəticə dəyişmir. Bu bizik, o da onlar…
Elməddin Behbud