Şura ictimai sektorun ümummilli bəlaya qarşı səfərbər olunmasında həlledici rol oynadı – Ülvi Allahverdi

Tarix indiyədək sayı bilinməyəcək qədər dəhşətli fəlakət və təlatümlərə şahidlik edib. Dünya o sınaqlardan bəzən üzü ağ çıxıb, bəzən də böyük sayda qurbanlar verməklə acizliyini göstərib. Təkcə ötən XX əsrdə on milyonlarla insanın həlak olduğu iki dünya müharibəsi baş verib. XXI əsr başlayar – başlamaz dünyanın nəbzinin vurduğu ölkənin qoşa qüllələrinə edilən 11 sentyabr hücumu ilə yeni geosiyasi vəziyyət yarandı. 2001-ci ildən sonra da dünya tarixinə düşən çox sayda sosial, siyasi və hərbi hadisələr baş verdi. Ancaq hazırkı koronavirus (COVİD-19) pandemiyasının dünyanın iqtisadi və siyasi konfiqurasiyasına edəcəyi dəyişikliklər görünür ki, müqayisəyə gəlməz ölçüdə böyük olacaq. Dünyanın qarşılaşdığı bu yeni sınaq bütün ölkələri lərzəyə salaraq dövlətləri, xalqları birləşməyə vadar elədi. Bəli, dünya ölkələri hazırda amansız düşmənlə müharibə aparır. Ancaq heç kim bu dəfə düşmənini görə bilmədiyi üçün ona qarşı hücuma keçə bilmir. İndiki vəziyyətdə ən yaxşı strategiya hücum etmədən yaxşı müdafiə səddi qurub qorunmaqdır. Dövlətlər müdafiə olunaraq həm itkilərin qarşısını ala bilir, həm də düşmənə qarşı əks-kəşfiyyat aparmaq üçün zaman qazanır.
Hər kəsə məlumdur ki, koronavirus ilk dəfə Çində meydana gəldi və oradan digər ölkələrə sıçradı. COVİD-19 pandemiyası cənub qonşumuz İrana çatanda təhlükə bizi daha ciddi şəkildə narahat etdi. Azərbaycan dövləti dərhal cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə mühüm qərarlar qəbul edərək gecikmədən qabaqlayıcı tədbirlərə başladı. Koronavirus pandemiyasına  yoluxmuş ölkələrin mübarizə metodları araşdırıldı, Dünya Səhiyyə Təşkilatı ilə bu sahədə sıx əməkdaşlığa başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq prosesə professional münasibət ortaya qoyuldu və bu qlobal bəladan maksimum az itki ilə çıxmaq üçün yol xəritəsi hazırlandı. Zəruri tibbi ləvazimatlar, avadanlıqlar alınaraq xüsusi ayrılmış xəstəxanalara paylanıldı. Yeni modul tipli xəstəxanaların tikintisinə başlanıldı. Koronavirusa yoluxmuş bütün xəstələr karantinə alındı və onların yüksək səviyyədə müalicəsi təmin edildi. Mərhələli şəkildə dövlət sərhədləri bağlanıldı. Kütləvi toplaşmaların qarşısını almaq üçün qadağalar tətbiq olundu. İctimai nəqliyyatın fəaliyyəti karantin rejiminə keçirildi. Təhsil müəssisələri bağlanıldı. Məhdudiyyət və qadağa qərarlarının tədricən, mərhələli şəkildə həyata keçirilməsi cəmiyyətdə hər hansı anlaşılmazlığın, gərginliyin yaranmasına imkan vermədi. Əksər dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərildi, çox zəruri olan gündəlik təlabat malları satanlar istisna olmaqla iaşə və ticarət obyektlərinin fəaliyyəti mərhələli şəkildə tam məhdudlaşdırıldı. Dövlət sərt addımlar ataraq karantin rejimi elan edərək vətəndaşların məcburiyyət olmadan çölə çıxmasını qadağan etdi. İnzibati məhdudiyyətlərlə yanaşı koronavirus infeksiyası ilə bağlı QHT-lər və media qurumlarının yaxından iştirakı ilə geniş maarifləndirmə kampaniyaları həyata keçirilməyə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ictimai sektorun ümummilli bəlaya qarşı səfərbər olunmasında həlledici rol oynadı. QHT-lər çətin vəziyyətdə olan ailələrə sovqat paylanmasından dövlətimizə qarşı düşmən mövqedə olan xəyanətkar marginal siyasi qruplara qarşı sosial şəbəkələrdə aktiv mübarizə aparılmasınadək ən ön mövqelərdə yer aldı. Bu çətin günlərdə dövlət sosial cəhətdən dəstəyə ehtiyacı olan  vətəndaşlarını da unutmadı. Dövlət başçısının tapşırığı ilə onlara iki ay 190 manat həcmində birdəfəlik  müavinət ayrıldı. Çətin dönəmdə dövlət bir daha öz vətəndaşlarının yanında olduğunu göstərdi. Vətəndaşlara göstərilən elektrik xidmətinin qiymətində güzəştlər edildi. Heydər Əliyev Fondu “biz birlikdə güclüyük” devizi ilə həssas təbəqədən olan vətəndaşlarımıza yardımlar paylamağa start verdi. Bu kampaniya çərçivəsində 100.000 sovqatın vətəndaşlara çatdırılması planlaşdırılır. Leyla Əliyevanın təşəbbüsü ilə xəstələr üçün geniş qanvermə kampaniyası təşkil olundu. Azərbaycan dövləti eyni zamanda indiki həssas məqamda ölkədən xaricdə olan vətəndaşlarına da sahib çıxdı.
İnkişaf etmiş əksər Avropa dövlətləri COVİD-19 infeksiyası ilə mübarizədə çarəsiz qaldığı, minlərlə insan itkisi ilə üzləşdiyi bir zamanda Azərbaycan qəbul etdiyi mühüm qərarlar və seçdiyi effektiv mexanizmlərlə öz standartlarını yaratdı. Koronavirus pandemiyasıyla mübarizədə digər ölkələrə nümunə göstəriləcək dövlətə çevrildi. Prezident İlham Əliyevin vaxtında qəbul etdiyi çevik və strateji qərarlar, dövlətimizin hər bir vətəndaşının sağlığını başlıca vəzifəsi sayması, Azərbaycanın son 17 ildə dinamik inkişaf nəticəsində əldə etdiyi nailyyətlər belə dəhşətli təhlükədən az itki ilə çıxacağımızı göstərir. Bu mübarizədə xalqın öz prezidentinə dərin inamı, güclü xalq-hakimiyyət birliyinin mövcudluğu həlledici rol oynadı. Əlbəttə ki, koronavirus pandemiyası qlobal təhlükə kimi hələ də aradan qalxmayıb. Azərbaycan da bu sahədə mübarizəsini davam etdirir. Ancaq cənab prezidentin rəhbərliyi ilə qüdrətli dövlətimizin həyata keçirdiyi siyasət bizə Azərbaycanın bu sınaqdan da uğurla çıxacağını deməyə əsas verir. Tanrı dövlətimizi, xalqımızı qorusun.
Ülvi Allahverdi
Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının məsləhətçisi