Qüdrət Həsənquliyev xilaskar türk əsgərinin abidəsini ziyarət edib – FOTOLAR

Qüdrət Həsənquliyev: “Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin ”erməni soyqırımı” günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan BAXCP sədri istiqlal şəhidlərini hörmətlə anıb.

Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaq: “1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən onminlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman Türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, Türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər.

Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasətidir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər. Öz canları və qanları bahasına milyonlarla insanın azad və təhlükəsiz yaşamına zəmin yaradıblar. Əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözü ilə baxarsa, o zaman 24 aprelin ”erməni soyqırımı” günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər”.