Şuranın əməkdaşı fərdi sahibkarlara güzəştləri şərh edib
Koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü də azaldıla bilər. Bununla bağlı müzakirəyə çıxarılmış güzəştlər geniş spektri əhatə edir.
Aktor.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Toğrul Turabov öz facebook səhifəsində açıqlama verib.
Toğrul Turabov yazıb:
“Ölkə başçısının apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Hal-hazırda digər sahələrdə (xidmət, istehsal və s.) fəaliyyət göstərən vergi ödəyiciləri aylıq olaraq minimum əmək haqqının 25 %-i yəni 62,50 (250 manat x 25 %) manat məbləğində məcburi dövlət sosial sığorta ayırmaları hesablayırlar. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib. Təklif qəbul edildikdən sonra, digər sahələrdə (xidmət, istehsal və s.) fəaliyyət göstərən vergi ödəyiciləri 37,50 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 % azalma deməkdir.
Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi.
Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi”.
Toğrul Turabov qeyd edib ki, təklif qəbul edildikdən sonra, Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar (ekspert, təlimçi, hüquqşünas, sorğuçu, ekoloq və s. xidmətləri göstərən şəxslər) isə Bakıda 37,50 manat (250 manat (minimum əmək haqqı) x 15 faiz), Sumqayıt və Gəncədə 33,75 manat, digər şəhərlərdə 30,0 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 22,50 manat, kənd yerlərində isə 18,75 manat ödəyəcəklər.