Azərbaycan dövləti partiyaların inkişafını istəyir – Millət vəkili
“Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda biz eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20 ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, dəyişiklikləri cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir: “Bu, ilk növbədə, Prezident tərəfindən Administrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdi. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq. Siyasi radikalizim və qarşılıqlı inkarçılığın aradan götürülüməsində bunun böyük faydası vardır”.
Z. Oruc qeyd edib ki, Milli Məclisin rəhbər strukturlarının formalaşmasında geniş siyasi spektrə yer verilməsi, partiyalara dövlət idarəçiliyində müəyyən yerlər ayrılması da ölkə rəhbəri tərəfindən bəyan olunan yeni siyasi arxitekturanın konturları hesab oluna bilər: “Azərbaycanda bütün partiyalar dövlətin çağırışına uyğun olaraq pandemiya ilə mübarizədə vahid mövqedən çıxış etdilər. İstər Mübarizə Fonduna göstərilən dəstək, istərsə də imzalanan həmrəylik bəyanatı bunu sübut edir. Bu cərgədən kənarda dayanan kiçik bir qrupun iddiasınn əksinə olaraq, hakimiyyət yüz minlərlə vətəndaşa yardım edərkən insanların partiya mənsubiyyətinə baxmayıb. Eləcə də, inzibati xətalara görə tənbeh tədbirləri zamanı da siyasət deyil, hüquq əsas götürülüb”.
Z. Orucun sözlərinə görə, REAL partiyasının rəhbərliyi ilə bağlı çıxarılan qərar sübut edir ki, Azərbaycan dövləti ölkəmiz əleyhinə köklənən beynəlxalq təşkilatlara imkan verməmək, daxili qüvvələri onların əllərindən almaqda israrlıdır: “Bu, İlham Əliyevin Milli Məclisin tribunasında səsləndirdiyi “gəlin, problemləri ölkəmizdə çözək, onu kənara daşımayaq” bəyanatına dövlət tərəfindən göstərilən prinsipial münasibətdir. Bütün bunlar göstərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişdirməkdə israrlıdır”.
O, bütün partiyaları yeni şəraiti dərindən dəyərləndirməyə, siyasi mübarizədə qanunlara və etik qaydalara əməl etməyə, yeni mərhələni irəli aparmağa, İnsan haqları üzrə beynəlxalq təşkilatları isə Azərbaycanda həyata keçirilən böyük siyasi dəyişiklikləri obyektiv qiymətləndirməyə çağırıb.