Gürcüstandan çarpaz təhlükə – Tiflisin Azərbaycan sınağı…
Kremlin əlindəki erməni “kartı” yeni qiyafədə; Terrorçu ASALA qonşu ölkədə soydaşlarımıza yaxın bölgədə möhkəmlənməyə başlayıb – SOS!; Gürcüstan da daxil, Güney Qafqazda böyük güclərin kəşfiyyat savaşı qızışır; Bakıya verilən xəbərdarlıq mesajlarında əsas hədəf…
Qonşu Gürcüstan Cənubi Qafqazda Azərbaycanın strateji tərəfdaş saydığı ölkələrdəndir.Bu tərəfdaşlıq təkcə iqtisadi-ticari, energetika sferasını deyil, hərbi və hərbi-texniki sahələri də ehtiva edir və ondan ən böyük iqtisadi, siyasi faydanı da ən əvvəl gürcülər götürürlər.
Elə bu günlərdə xəbər yayıldı ki, 2018-də Gürcüstan daxili tələbat üçün təbii qazın hamısını Azərbaycandan alacaq. Bu ölkə ərazisindən keçən neft-qaz, nəqliyyat xətlərinin Tiflisə yaratdığı mühüm maliyyə dividentləri və başqa üstünlüklər də öz yerində. Bir azərbaycanlı politoloqun dəqiq vurğuladığı kimi, Qarabağ konfliktinin ən böyük “xeyrini” məhz gürcülər görüb və görməkdədir (əlbəttə, Qarabağ konflikti olmasaydı, Bakı-Ceyhan neft, Bakı-Ərzrum qaz kəmərləri və Bakı-Qars dəmir yolu Gürcüstandan yox, Ermənistandan keçəcəkdi).
***
Kəsəsi, Gürcüstan dövlət olaraq pis-yaxşı ayaqda qalması üçün ilk növbədə Azərbaycana, Azərbaycan xalqına minnətdar olmalıdır. Bununla belə, əfsuslar olsun ki, Gürcüstandan Azərbaycana qarşı ara-sıra qeyri-dost davranış və gedişlərin, hətta nankorluq hallarının şahidi oluruq.
Məsələn, iki gün öncə xəbər yayıldı ki, Borçalıda altdan-altdan Azərbaycan toponimlərinin adlarının dəyişməsi prosesi hələ də davam edir. Bununla bağlı hətta beynəlxalq qurumlardan yerli hökumətin ünvanına iradlar səslənməyə başlayıb.
“Gürcüstan hakimiyyəti məqsədyönlü şəkildə türk toponimlərini, Azərbaycan adlarını özününküləşdirir. Bu cür siyasət son 70 ildə davam edir”. Bu haqda Tiflisdəki İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin eksperti Elbrus Məmmədov məlumat verib.
Onun sözlərinə görə, milli azlıqların məsələləri üzrə Avropa mərkəzində 2017-ci ilin dekabr ayında Maria Diyeqo Qordonun müəllifi olduğu sənəd dərc edilib. Hesabatda əsasən, dəyişikliyə əsasən türk mənşəli adlar (!! – red.) məruz qalır və bu siyasət heç cür başqa milli azlıqlara, o cümlədən ermənilərə şamil edilmir. Ekspert əmindir ki, bu fəaliyyət Gürcüstanın Azərbaycan icmasına qarşı yönəlib.
***
Rəsmi Tiflisin Azərbaycan xalqına qarşı digər nankorluğu işğalçı Ermənistana Rusiyanın nəzarətində olan Abxaziya və Cənubi Osetiyadan dəhliz açmaq istəməsi hesab oluna bilər. Məlumatlara görə, ötən ilsonu prezident Serj Sərkisyanın iki günlük Tiflis səfərində əsas məqsəd məhz bu olub.
Sözügedən dəmir yolunun açılacağı təqdirdə Rusiya marionet Ermənistanla quru əlaqəsi qazanmış olacaq və heç kim zəmanət verməyəcək ki, Qarabağda müharibə qızışacağı halda Tiflisin nəzarətindən kənar olan həmin dəmir yolu ilə işğalçı ölkəyə hərbi yüklər daşınmayacaq.
Hələ ki bu məsələ açıq qalır. Yəqin ki, təzə ildə bu mövzu Bakı-Tiflis münasibətləri üçün mühüm barometr, yaxud lakmus kağızı rolu oynayacaq. Aydındır ki, ermənilərin bir hədəfi də Azərbaycanla Gürcüstan arasında soyuqluq yaratmaqdır.
***
Bu da hamısı deyil. Gürcüstandakı soydaşlarımıza, bütövlükdə Azərbaycan maraqlarına qonşu ölkə ərazisindən qaynaqlanan daha bir təhlükə var. “Yeni Müsavat” rusarminfo-ya istinadla xəbər verir ki, bu təhlükə erməni terror təşkilatı ASALA ilə bağlıdır.
“ASALA Gürcüstanın Cavaxetiya bölgəsində Virk-Yerkir adıyla yenidən qurulub”. Jurnalistlərə açıqlamasında bu sözləri Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib (axar.az). Onun sözlərinə görə, Virk-Yergirin keçmiş rəhbəri Vaaqn Çaxalyan 2008-ci ildə silahlı təşkilat qurmaq və silah alveri etmək şübhəsi ilə həbs edilib.
“Rusiya bölgədəki siyasətini həyata keçirmək üçün Ermənistanı və digər ölkələrdəki ermənilərdən istifadə edir. Buna görə də Cavaxetiya məsələsi o qədər də bəsit bir məsələ deyil. Cavaxetiya problemi Dağlıq Qarabağın işğalı ilə birlikdə başlayıb. Bir vaxtlar bölgə erməni dəstələrinin nəzarətinə keçsə də, ermənilər Dağlıq Qarabağ məsələsini həll etmədən dünyaya açılan sərhəd qapılarının bağlanmaması üçün bu problemdə müəyyən qədər geri çəkilməli olub. Ruslar Axalkalakidəki rus bazasını boşaldıb bölgədən çıxanda götürə bilmədikləri müəyyən silahları Cavaxetiyadakı Virk-Yerkirin üzvlərinə verdilər” – qurum rəhbəri deyib.
O, Gürcüstandakı azərbaycanlıların təhlükə qarşısında olduğunu da söyləyib: “Cavaxetiyaya yaxın bölgələrdə olan türklər təhdid altındadırlar. Rusların verdikləri silah və maddi dəstəklə Xocalı qətliamını həyata keçirən ermənilər Gürcüstanda da qətliamı gerçəkləşdirə bilərlər. ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirmədən öncə Gürcüstan dövlət rəsmiləri, Türkiyə və Azərbaycanın xarici işlər nazirlikləri buna müdaxilə etməlidirlər”, – deyə o xəbərdarlıq edib.
***
Maraqlıdır ki, məhz bu arada ABŞ-dan Gürcüstana xüsusi qrupun gələcəyi xəbəri yayılıb. Xəbər verdiyimiz kimi, qrup ölkədəki təhlükəsizliyin vəziyyətini və onu gücləndirmək imkanlarını öyrənəcək. Bildirilir ki, ölkənin əsas problemi hazırda sərhəd məsələsi və daxildəki bəzi təhsil müəssisələrində gənclərin beyinlərinin “yuyulması” ilə bağlıdır.
“Gürcüstanda çoxlu təhsil müəssisəsi var ki, burada gürcü təhsil sistemi yayılmayıb. Heç kim bilmir ki, burada gənclər nə təhsili alırlar. Belə situasiya terrorçu qruplar üçün münbit şərait yaradır. Son dövrlər həmçinin, sosial şəbəkələrdən də təhdid yaranıb. Terrorçu ideologiyalar burada aktiv şəkildə yayılırlar. Gürcüstan xüsusi xidmət orqanları bunların hamısı ilə bacarmaq gücündə deyil” – gürcü hərbi ekspertlərdən biri demişdi.
Terrorçu ideologiyalardan biri isə sübhə yox ki, Gürcüstanda soydaşlarımızın məskunlaşdığı ərazilərə yaxın yerlərdə – əhalisi Rusiyaya bağlı olan, Bakı-Tiflis-Qars dəmir yolunun keçdiyi Cavaxetiyada kök salmaqda olan terrorçu ASALA ilə bağlıdır.
Bölgə uğrunda ABŞ-Rusiya rəqabəti getdiyindən, Güney Qafqazın həm də iki fövqəlgücün kəşfiyyat savaşının meydanına çevrilməkdə olduğunu söyləmək mümkündür. Gürcüstanın Qərbə, NATO-ya sürətli inteqrasiya kursu götürdüyü, hər il NATO üzvlüyünə bir az da yaxınlaşdığı, ABŞ-Rusiya rəqabətinin isə “soyuq savaş” mərhələsinə keçdiyi də nəzərə alınarsa, bu mübarizənin 2018-c ildə şiddətlənəcəyini gözləməyə dəyər.
Yeri gəlmişkən, NATO Hərbi Komitəsinin yanvarın 16-17-də keçiriləcək növbəti toplantısında Gürcüstanın məsələsi yenidən müzakirə olunacaq. Bəzi analitiklərə görə, NATO artıq Cənubi Qafqaza daxil olmaqdadır və bu prosesin sonunda Rusiyanın regiondakı dayaqları sarsılacaq. Demək, Azərbaycanın da bu il daha ölçülü-biçili və çevik xarici siyasət yürütmək, öz ətrafında, bölgədə gedən prosesləri və gəlişmələri daha diqqətlə izləmək zorunda qalacağı şəksizdir.
Söhbət həm də Gürcüstan ərazisindən keçən və Avropaya ünvanlı strateji neft-qaz və kommunikasiya xətləri ilə yanaşı, artıq çarpaz təhlükə altında olan soydaşlarımızın taleyindən, təhlükəsizliyindən gedir. Bu xüsusda Tiflis hökuməti bu il hər mənada Azərbaycan qarşısında sınaqlardan çıxmalı olacaq. /“Yeni Müsavat”