Türkiyənin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi – Könül Quliyevanın araşdırması – FOTOLAR
Bu gün Türkiyənin könlündə onun dövlət müstəqilliyinin sarsılmaz ifadəsi kimi ən önəmli yeri tutan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günüdür.
Çünki Ağaoğlu 23 Apreli həm dünya uşaqlarına bayram hədiyyəsi edən, həm də Uşaq Bayramını beynəlxalq aləmdə bölüşən ilk və yeganə olan ölkənin ilk uşaq evinin yaradıcısıdır. Türkiyə hər il ölkə daxili və xaricindəki nümayəndəliklərdə, qurumlarda, məktəblərdə müxtəlif tədbirlərlə bu günü qeyd edərək, milli birliyin birləşmiş ruhunu təmsil edir. Bizim də borcumuz Türkiyəni ilk uşaq evinin yaradıcısı kimi təmsil edən müqəddəs və unudulmaz qadının ruhunu şükranla anmaqdır. Həmçinin “Bugünün küçükleri yarının büyükleridir.” deyən, bu günü uşaqlara ərmağan edən böyük öndər Mustafa Kamal Atatürkün ruhunu sayğı və rəhmətlə yad edirik. Hər il Türkiyə 23 apreli bütün dünya uşaqları arasında sevgi, dostluq, qardaşlıq, bağlarının daha da güclənməsi, eyni zamanda Türkiyə Böyük Millət Məclisinin yarandığı bir tarix kimi qeyd edir. Bu gün isə 100 illik yubileyini qutlayır. Bayramın qutlu olsun Türkiyəm!
Türkiyə Cümhuriyyətinin siyasi elitasına daxil olan Ağaoğlu ailəsi həm də ölkədə bir sıra ilklərə imza atıb. Türkiyənin ilk qadın vəkili kimi hüquq tarixinə adı qızıl həriflərlə yazılan Sürayyə Ağaoğlu eyni zamanda Türkiyədə ilk uşaq evinin yaradıcısıdır. Onun üçün həyatda ən böyük arzulardan biri məhz sahibsiz uşaqlar üçün uşaq evi yaxud internat açmaq idi.
Sürayyə Ağaoğlu dostu Lord Kinrossun tövsiyyəsi ilə qələmə aldığı “Bir ömürde böyle keçdi” adlı bioqrafik memuarında bu barədə maraqlı fikirləri yer alır. 1949-cu ildə həyatımda ən çox ürəyimcə olan bir işin ilk addımlarını atdım. İngiltərədə və Amerikada sahibsiz qalan uşaqlara dövlət və xüsusi təşkilatlar tərəfindən göstərilən münasibəti xeyli araşdırdım, bu uşaqlar üçün qurulan müəssisələri gəzdim. Bu arada Çikaqoda, Ceyn Adams adlı bir xanımın, cinayətə meyilli uşaqlar üçün yaratdığı evdə bir neçə gecə qalaraq araşdırma apardım. İngiltərədə də kasıb məhəllələrdə yaşayan uşaqlarla maraqlanan təşkilatları tədqiq etdim. Onlar arasında tanınmış uşaq məhkəməsi hakiminin bu uşaqlara təsis etdiyi böyük evə heyran qalmışdım.
Araşdırmalarımı apararkən gözümün önünə bizim körpü altında böyüyən uşaqları, onların səfaləti, sahibsizliyi gəlirdi. Türkiyəyə qayıdıb dostlarıma bu cür uşaqlarla maraqlanacaq bir dərnəyin qurulması fikrimin olduğunu bildirdim. İki illik danışıqlar və razılıq mərhələsindən sonra 1948-ci ildə İstanbuldakı evimə tanınmış iş adamlarımızı, bir çox peşə sahibi olan xanımları dəvət edərək bu məsələnin müzakirəsini istədim. Fikir böyük bir zövq və həyacanla qarşılandı.
İkinci yığıncaqda iştirakçıların sayı yarıya endi. Üçüncü yığıncaqda isə 10-15 nəfər qalmışdıq. Bax bu 10-15 nəfərlə 1949-cu ilin may ayında “Uşaq Dostları Dərnəyinin” ilk nüvəsini yaratdıq. O, zamanlar narkomanların qərargahı olan Topxanıdakı Qılıncəlipaşa və Qübbəli hamamlarında yanımızda Qalata qəza müdiri və bir polis ilə birlikdə gecələr axtarışa çıxırdıq. Mənzərə qorxunc idi: Kiçik üşaqlar hər cür səfalət və əxlaqsızlığa qarşı müdafiəsiz halda hamam daşlarına uzanmış narkomanların arasında yaşayırdılar. Bir hissəsi bizə həqiqətən kömək etdikləri halda digərləri ”kürklə xeyir işinə çıxıblar” deyə ələ saldılar. Müxtəlif çətinliklərdən sonra Gül bazarında “Uşaq Müdafiə Fondun” əmlakı olan köhnə mədrəsə binasında uşaq evi açdıq. Bu işdə ən böyük köməkçim gündüzləri “Mobil Oyl”da işləyən və gecələri də on ikiyə qədər internatda bu uşaqları qarşısına alıb onlarla məşğul olan Nemət Selen xanım idi. İlk vaxtlar uşaqlar bizdən qaçırdılar. Böyük səy nəticəsində internatdakı uşaqları nizama sala bildik, məktəbə və ya işə düzəldə bildik. Uşaqlarımız arasından Almaniyada avtomobil zavodlarında baş usta və elektirik xidmətinin rəisi olanlar belə çıxdı. Uşaqlardan Nevzat adlı bir gənc Koreya müharibəsində iştirak etdi. Getməmişdən qabaq və oradan mənə “ana” xitabı ilə yolladığı məktublar məni həm də dərin iztirabla boğurdu . Ana həsrəti ilə böyüyən bu gənci Koreyadan qayıtdıqdan sonra Dəniz yollarında işə düzəltdik. Təəssüf ki, Nevzat İzmit körfəzində baş verən dəniz faciəsində vəzifə başında həyatını itirdi.
Deyə bilərəm ki, internat məsələsində məni və dostlarımı ən çox sarsıdan bu hadisə olmuşdur. Sahibsiz, kimsəsiz, pis yola düşmüş bir çox uşağı böyüdüb onları mənəvi, maddi cəhətdən özlərinə və cəmiyyətə xeyirli insanlar etmək mənə olduğu qədər dostlarıma da hədsiz bir həzz və sevinc hissi verirdi. Uşaq evini əvvəl Fənər yoluna, sonra isə Ayazağada Xəzinənin ihalə ilə satdığı bir ərazidə tikilən binasına köçürtdük. Çevrilişdən sonra məni bu məsələ ilə əlaqədar hələ istintaqa da cəlb etdilər və ərazini dostlarımla bölüşməkdə ittiham etdilər. Daşınmaz Əmlak haqqında şəhadətnaməyə baxılmasını istədim və əlbəttə bu əsassız ittihamın qeyri-sabit olması kiçik bir araşdırma ilə ortaya çıxdı.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri