Rəis müavini:”VÖEN-i passiv olanlar üçün birdəfəlik ödəmə alınmasında məhdudiyyət yoxdur” – VİDEO
“Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN) passiv olan şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur”.
“APA-Economics”in verdiyi xəbərə görə, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi ilə bağlı yaranan bəzi anlaşılmazlıqlara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. “Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir. Nazirlər Kabinetinin 127№-li 7 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur ki, bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır. Başqa sözlə, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.” Onun sözlərinə görə, birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur: “Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir”. N. Dərgahov dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilməsi barədə də məlumat verib. Qeyd edib ki, bu günə qədər 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramdan yararlanıblar. Onu da əlavə edib ki, bir sıra sahibkarlar maliyyə dəstəyi proqramına qoşulmaq üçün İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub göndərmək əvəzinə, maliyyə dəstəyi almaq üçün İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə məktubla müraciət edirlər. Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər. Həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaq.