“Aşıq Şəmşir Mədəniyyət Ocağı”nın sədrindən prezident İlham Əliyevə MÜRACİƏT…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu xəstəliyin hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu bəla şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmamışdır. Bütün bunlara görə xalqımız Sizə öz minnətdarlıq hissini ifadə edir, ölkəmizin bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin əməli nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.
Möhtərəm cənab Prezident!
Bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar bir daha Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur. Görülən bütün bu tədbirlər, Sizin və eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, demək olar ki, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə yaratmışdır. Bu çətin günlərdə bütün xalqımız Sizin məşhur “Biz birlikdə güclüyük” şüarının əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır.
Möhtərəm cənab Prezident!
Mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirir və ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun.
Dərin hörmət və ehtiramla,
Kəlbəcər rayon ictimaiyyəti adından
Qənbər Qurbanov
87 yaşlı Kəlbəcər sakini, Azərbaycan Respublikası
Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü,
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri