Xalqlar üçün SSRİ adlanan dövlət çox yaxşı idi – Zərdüşt Əlizadə

Rusiya prezidenti Vladimir Putin bugünlərdə yayılmış müsahibəsində SSRİ-nin mümkün bərpası ilə bağlı qorxulardan, keçmiş sovet ölkələrinin birgə cəhdlərinin hamının xeyrinə olmasından danışıb. Həmin fikirlər müzakirələrə yol açsa da, buna ciddi yanaşmayanlar da var.

Siyasi şərhçi Zərdüşt Əlizadə Azadlıq radiosuna açıqlamasında SSRİ dağılarkən ətalət yaşandığını, vaxtilə mövcud olan dövlətin iqtisadi cəhətdən bölündüyünü, əvəzində “bir-birindən bir qədər fərqlənən, amma həm də bir-birinə yaxın quruluşlar” yarandığını deyib.

O, indiki halda həmin ölkələr arasında inteqrativ əlaqələrin çox aşağı olduğunu, onların heç birinin öz gələcəyini Rusiya ilə vahid dövlətdə görmək istəmədiyini bildirib. Siyasi şərhçi hətta Rusiya ilə ittifaq dövləti müqaviləsi bağlamış Belarusun da bundan qaçdığını vurğulayıb: “İndi Putin deyir ki, bəli, xalqlar, dövlətlər qorxmurlar, SSRİ bərpa olunacaq, bir-birinə yaxınlaşmağa cürət edirlər. Ancaq məsələ ondadır ki, xalqlar SSRİ-dən qorxmurdular, onlar bu dövlətin dağılmasını istəmirdilər. SSRİ-ni hakim zümrələr dağıtdı. Xalqlar üçün SSRİ adlanan dövlət çox yaxşı idi. Onlar, sadəcə, siyasi quruluşun yumşalmasını, oğru, kütbeyin partokratların hakimiyyətdən getməsini, mənasız qadağaların götürülməsini, xüsusi mülkiyyət olmasını, çoxpartiyalı sistemin yaradılmasını, azad seçkilər keçirilməsini istəyirdilər”.

Bugünə gəlincə, Z.Əlizadə artıq Sovetlər İttifaqının xalqların yadına düşmədiyini vurğulayıb, ən yaxşı halda “o zaman vəziyyət pis deyildi” deyə xatırladıqlarını söyləyib. Siyasi şərhçinin sözlərinə görə, artıq hamı başa düşür ki, SSRİ adlı dövləti bərpa edəcək qüdrətli iradə yoxdur, Rusiya xalqı belə öz iqtidarına nifrət edir.