Prezidentin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır – Cəsarət Hüseynzadə

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bunu vətəndaşların dövlətimizin başçısına ünvanlandığı minnətdarlıq məktubları da təsdiq edir.

Bu sözləri Aktor.Az-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyinin sədri Cəsarət Hüseynzadə söyləyib.

QHT sədri bildirib ki, koronavirus pandemiyası dünyanı sarsıtmaqda davam edir. Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı artıq 2 milyonu ötüb. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə koronavirus pandemiyasının ölkəmizin ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər görüldüyünü və görülməkdə davam etdiyini diqqətə çatdıran C.Hüseynzadə deyib: “Dövlətin məlum təhlükə ilə bağlı qəbul etdiyi ciddi və təxirəsalınmaz qərarlar öz bəhrəsini verir, hər birimiz bunun şahidiyik. Pandemiya ilə bağlı vəziyyət idarəolunan səviyyəyə düşüb və görülən davamlı tədbirlər nəticəsində ölkə əhalisinin sağlamlığı təmin edilir. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra reallaşdırılan islahatlar kursu da məhz pandemiya dövründə hökumətin mobil və uğurlu fəaliyyətini bir daha göstərdi”.

Qəbul edilən qərarların, görülən tədbirlərin insanlarımız üçün əhəmiyyətindən danışan ictimai birliyin sədri bir məqamı xüsusi vurğulayıb. O deyib: “Ölkəmiz üçün çətin dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətəni və vətəndaşını sevən qayğıkeş insan olduqlarını nümayiş etdirdilər. Onların bu çətin günlərdə xalqa müraciəti əhali tərəfindən yüksək qiymətləndirilir. Bu müraciətlər ölkə vətəndaşlarının dövlətə və ölkə başçısına inanmaqda haqlı olduqlarını təsdiqləməklə yanaşı, onları məsuliyyətli davranmağa səslədi, pandemiya dövründə ölkə əhalisini daha da sıx birləşdirdi”.

Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti pandemiya dövründə vətəndaşların sağlamlığının qorunması məsələsinin dövlətimiz üçün xüsusi önəm daşıdığını bir daha nümayiş etdirdi. Dövlət resurslarının, ilk növbədə, məhz vətəndaşların sosial müdafiəsinə yönəldilməsi də ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Günəmuzd çalışan şəxslərin pandemiya dövründə işlərini müvəqqəti itirməsi səbəbindən onların işsiz kimi qeydə alınaraq yarımların edilməsi, vaxtı bitmiş ünvanlı sosial yardım alan şəxslər üçün bu yarımın pandemiya dövründə davam etdirilməsi və bu ailələrin sayının artırılması, yaşı 65-dən yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, ödənişli ictimai işlərə cəlb olunanların sayının dəfələrlə artırılması, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və onlarla digər belə sosial addımlar dövlətin vətəndaşına dəstəyini göstəriciləridir. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin pandemiyadan sonrakı iqtisadi inkişafı nəzərə alınaraq sahibkarlıq subyektlərinə də dövlət dəstəyi göstərilir.

“Bu ağır günlərdə dünya bir daha şahid oldu ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının atdığı bütün addımlar, apardığı uğurlu siyasət ölkə vətəndaşları, o cümlədən də qeyri–hökumət təşkilatları tərəfindən dəstəklənir və alqışlanır. QHT-lər də dövlətimizin qorunması və inkişafı sahəsində görülən və görüləcək bütün işlərə dəstəyini ifadə edərək, hər zaman Azərbaycan Prezidentinin yanında olduqlarını bəyan edir. Biz birlik, həmrəylik nümayiş etdirməklə bütün bəlaların öhdəsindən gələcəyik”, – deyə Cəsarət Hüseynzadə əlavə edib.