“Azərbaycan Prezidentinin qlobal çağırışları və riskləri idarə etmək təcrübəsi xalqın xilaskarlıq missiyasına çevrilib” – Yusif Ağayev

2020-ci il dünya üçün sınaq ili kimi başlayıb. Bu ilin sınağı olan koronavirus (COVID-19) dünyanı vahiməyə salıb. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu pandemiya elan edib. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu pandemiya ilə mübarizəyə hazır deyil. Koronavirus epidemiyası gündəlik həyatın ritmini dəyişib, yeni idarəetmə və münasibətlər sistemi formalaşdırıb. Bütün dövlətlərdə yeni idarəetmə qaydaları tətbiq edilməkdədir. Hər birimiz gözə görünməyən real düşmənlə üz-üzəyik. Postkoronavirus dövründə yeni idarəetmə metodu, yeni dəyərlər sistemi ilə üzləşə bilərik. Bu prosesə yeni sivilizasiyanın başlanğıcı və ya rəqəmsal idarəetmə modelinə keçid dövrü də demək olar. Burada əsas məsələ çağırış və prosesləri analitik təhlil etmək, doğru qərarlar vermək, gələcək naminə milli strategiyanı düzgün müəyyənləşdirməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İctimai əlaqələr, elektron tədris və informasiya təminatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.

O qeyd edib ki, bu virusun dünyada yayıldığı ilk gündən Prezident İlham Əliyevin qəbul etdiyi çevik və doğru qərarlar, risklərin düzgün idarə edilməsi istiqamətində verdiyi qəti göstərişlər əhali arasında xəstəliyin geniş yayılmasının ciddi şəkildə qarşısını aldı. Bununla yanaşı, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və onun səmərəli fəaliyyəti xəstəliklə mübarizədə daha hazırlıqlı mövqedə olmağımızı təmin etdi. Ölkə rəhbərinin “Siyasətimizin mərkəzində ölkə vətəndaşı dayanır” prinsipi həqiqətə söykənir və bu, qəbul edilən qərarlarda öz təsdiqini tapır. Bu həqiqəti, eyni zamanda, elmi, sosioloji araşdırmalar, beynəlxalq reytinq agentlikləri, Azərbaycanın

 

 

dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutması təsdiqləyir. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin yeni koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi həyatına mümkün təsirlərini azaltmaq məqsədi və qlobal risklərin qarşısını almaq, onları idarə etmək sahəsində təcrübəsi bu çətin günlərdə xalqın xilaskarlıq missiyasına çevrildi. Bir daha sübut olundu ki, ölkəmiz pandemiyanın yayılmasının qarşısını almaq üçün vaxt itirmədən hərəkətə keçdi, virusun yayılma arealını və sürətini əhəmiyyətli dərəcədə azaltdı. Eyni zamanda, dünyada baş verən bu pandemiyanın təsirlərinin bütün ölkələrin iqtisadiyyatlarına mümkün zəncirvarı təsirlərini nəzərə alaraq, Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluğunun və ölkədəki iqtisadi fəallığın qorunması sahəsində səmərəli tədbirlər gördü. Buna misal olaraq, 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicə alması, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yeni müasir xəstəxananın açılışı, tibbi maska və dezinfeksiya

 

 

vasitələrinin qıtlığı yarandığı bir zamanda həmin məhsulların istehsalı ilə məşğul olan müəssisənin açılışı, ölkəmizdən kənardakı vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün tədbirlərin görülməsi, müvafiq fondun yaradılması, problemin həlli yollarını Türk Şurasının gündəliyinə gətirilməsi, eyni zamanda, pandemiya ilə mübarizə aparan ölkələrə maddi və mənəvi dəstəyin göstərilməsi kimi idarəetmə modellərinin tətbiqi həm də qlobal çağırışlara verilən cavab idi. Xüsusilə qeyd edilməlidir ki, dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin bu təşəbbüsə könüllü dəstək verməsi xalqın həmrəyliyinin və öz rəhbərinə dərin inamının ifadəsi oldu.

 

 

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı ilə səfərbər olan cəmiyyətimiz əzmkarlıq, iradə və fədakarlıq nümayiş etdirərək, bu qlobal bəlanın da öhdəsindən gəlir. Bu gün bir daha təsdiq olundu ki, risklərin qarşısını almaq və onları idarə etmək sahəsində Azərbaycan Prezidentinin təcrübəsi xalqın xilaskarlıq missiyasına çevrildi. Bu, ölkə vətəndaşlarında əminliyi və inamı artıran ən vacib amil kimi özünü göstərdi. Əminik ki, xalqımız bu pandemiyanın öhdəsindən də ləyaqətlə gələcək.