Rektorun Milli Qəhrəman adı verməsi: “Bu, çirkin kampaniyadır” – FOTOLAR
İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub və dərhal düzəldilib.Bunu Aktor.Az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib.
Onun sözlərinə görə, İbad Hüseynov universitetin tələbəsi olub: “Bu gün internet saytlarında İbad Hüseynovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı kimi döş nişanı ilə təltif olunması barədə yayılan xəbərlərdə yanlışlıq olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Universitetin rəhbərliyi 2012-ci ildə İbad Hüseynovun Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq onu məzunu olduğu universitetin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin döş nişanı ilə təltif edib. Vəsiqədə mexaniki səhv kimi onun Milli Qəhrəman kimi təqdim olunması faktı dərhal düzəldilib və yeni vəsiqə İbad Hüseynova verilib”.
Nəcibə Mirzəyevanın sözlərinə görə, 6 ildən sonra bu məsələnin gündəmə gətirilməsi göstərir ki, bunda maraqlı tərəflər var:
“İbad Hüseynovu Milli Qəhrəman kimi cəmiyyətə tanıtmaq istəyən qüvvələr və ya AzMİU rektorunun işgüzar imicinə xələl gətirmək istəyən insanlar bu məsələdən yararlanmağa çalışırlar. 6 ildən sonra bu məsələnin gündəmə gətirilməsi düşünürük ki, kimlərinsə marağında olan bir məsələdir. Azərbaycanın təhsil sistemində öz yeri və adı olan nüfuzlu bir universitetə, onun rəhbərliyinə qarşı bu cür çirkin kampaniya aparmaq jurnalist etikasına zidd bir məsələdir”.
Mətbuat xidmətinin rəhbəri İbad Hüseynovun Milli Qəhrəman kimi deyil, Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuş kəşfiyyatçı vəsiqəsini də diqqətə çatdırıb.
Qeyd edək ki, mediada Gülçöhrə Məmmədovanın Qarabağ müharibəsinin iştirakçısı olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif etdiyi və vəsiqədə onun Milli Qəhrəman kimi təqdim olunduğu ilə bağlı xəbərlər yayılıb.
Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.