İnkişafa ən böyük əngəl İranın Ermənistan siyasətidir – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi

 Qüdrət bəy, İranın Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayaraq bəyan edib ki, “İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil”. Səfirlik İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını göstərən videoları erməni təxribatı hesab edərək,Tehran-Bakı əlaqələrinin geniş inkişaf ərəfəsində olduğunu bəyan edib və yayılmış videonun da bu inkişaf prosesinin qarşısını almağa hesablandığını vurğulayıb. Məlum video yayılandan sonra İrana ən kəskin etiraz edənlərdən biri BAXCP olmuşdu. Siz İranın bu mövqeyini kəskin pisləməklə yanaşı Azərbaycan hökumətindən tələb etmişdiniz ki, rəsmi Tehrandan bu məsələyə aydınlıq gətirməsini istəsin. İran səfirliyinin bu məsələ ilə əlaqədar açıqlaması Sizi qane etdimi?

– İran səfirliyinin Azərbaycan torpaqlarının işğal altında olmasını və həmin ərazilərlə İranın heç bir quru və hava gediş-gəlişinin olmamasını vurğulamasını təqdir edirik. Amma eyni zamanda bəyan edirik ki, bizim açıqlamamız həm də cənubda yaşayan soydaşlarımızın verdiyi məlumatlara və İranın bu günə qədər olan Ermənistan siyasətinə əsaslanır.
Mən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin səmimiyyətinə inanıram. O rəsmi Tehrandan verilən tapşırıqlara əsasən belə bir açıqlama ilə çıxış edib. Onun Azərbaycanla İran arasında münasibətlərin inkişafı üçün göstərdiyi cəhdləri alqışlayıram. İstəyirəm İran ictimaiyyəti və rəsmiləri bilsinlər ki, Azərbaycanda İranla əlaqələrimizin inkişafını istəməyən çox az adam və siyasətçi tapıla bilər. Bu inkişafın qarşısında ən böyük əngəl İranın Ermənistan siyasətidir. Yoxsa heç bir erməni, yaxud digər hər hansı təxribatçı bu münasibətlərə ziyan vura bilməz. İslam dövləti özünün də işğalçı saydığı, bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış Ermənistanla indiki səviyyədə əməkdaşlıq etməməlidir. Rəsmi Tehran nəzərə almalıdır ki, Qarabağ həm də İran vətəndaşları olan bizim cənublu, on milyonlarla soydaşımızın vətənidir. İslami dəyərlərin öz siyasətinin əsasını təşkil etdiyini bəyan edən dövlət öz ata yurdlarında yaşayan Azərbaycan türklərinin təbii hüquqlar hesab olunan milli haqlarını tanımalı, işğalçı Ermənistana torpaqlarımızın işğalına son qoyması üçün təzyiq etməlidir. Bu zaman ortaq mədəniyyətə və tarixə malik olduğumuz İranla Azərbaycanın münasibətləri başqaları tərəfindən qibtə olunacaq bir səviyyəyə yüksələcək. Əks halda dostluq və qardaşlıq haqqında deyilənlər acı təbəssüm və ikrah doğuracaq.