Ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur – Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev professor Əjdər İsmayılov və deputat Sadiq Qurbanovun Həcc ziyarətinə gedənlərlə bağlı Şeyxülislama və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanova etdikləri müraciətə münasibətini açıqlayıb.
Aktor.Az xəbər verir ki, BAXCP sədri partiyanın mətbuat xidmətinin sorğusuna cavabında, müraciət edən hər iki şəxsə hörməti ifadə edib və eyni zamanda Həcc ziyarətinə gedənlərlə bağlı bir sıra mühüm mənəvi əhəmiyyət daşıyan məqamların nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Bizim yaşa dolmuş elə inanclı vətəndaşlarımız var ki, onlar bir müsəlman olaraq mənəvi ehtiyaclarını təmin etmək üçün həyatları boyu vəsait toplayıblar və ən böyük arzuları nə vaxtsa Həccə gedib Kəbəni, peyğəmbərimizin qəbrini ziyarət etmək olub. Həyatlarının qürub çağını yaşayan bizim ahılların bu ehtiyacının nə qədər böyük olduğunu anlamaq üçün görünür dindar olmağa ehtiyac var. Onları bu arzularından məhrum etmək və hörmətli Şeyximizi bu işə qatmaq günah olardı. Azərbaycanda əhalinin ərzaq və gündəlik tələbat malları ilə təchizatı o dərəcədə acınacaqlı deyil ki, biz ağsaqqal və ağbirçəklərimizi seçim qarşısında qoyaq. Onsuz da xeyriyyəçiliklə bağlı ümumi müraciətlər edilir. Gələcəkdə bu ziyarəti gerçəkləşdirmək üçün səhhəti və imkanı yol verənlər bizsiz də bunu nəzərə alacaqlar. Bu baxımdan ziyarətə hazırlaşanlara xüsusi müraciət etməyə ehtiyac yoxdur”.