Yüklərin Orta Asiyaya fasiləsiz çatdırılması təmin edilir – FOTOLAR
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə dövlət başçısı qeyd etdi ki, pandemiya dövründə Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Belə tədbirlərdən biri Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq çərçivəsində Bakı və Türkmənbaşı limanları arasında fider gəmisinin fəaliyyətə başlamasıdır.Bu barədə ADY-dən Aktor.Az-a daxil olan məlumatda deyilir.
Türkiyədən daxil olan yüklərin Orta Asiya istiqamətində fasiləsiz daşınmasını təmin etmək məqsədilə bu gün Bakı Limanında bir ilkə imza atılıb. Avtomaşınlardakı yüklər konteynerlərə çevrilərək fider gəmisinə yüklənib. “Balkan” fider gəmisi Türkmənbaşı limanına ümumilikdə 62 konteyner (20, 40 və 45 futluq) çatdıracaq. Daşımanın operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir.
“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov bildirib ki, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş “Balkan” gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə “ADY Konteyner”lə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin logistika mərkəzi dəstək verir.
Növbəti mərhələdə Türkiyənin İstanbul şəhərindən, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, sonra Orta Asiyaya daşınacaq. “ADY Konteyner” MMC-nin direktoru fider tipli Balkan gəmisinin postkoronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirib. Qeyd edib ki, gəmidən istifadə olunması hazırda pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynerləşdirmə prosesi davam etdikcə, gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq.