Siyasi ekspert Türk Şurasının Zirvə görüşündən danışdı
Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyət kəsb edən bir hadisədir və bir neçə aspektdən tarixi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Türk Şurasının dövlət başçıları səviyyəsində dünyada COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. COVID-19 pandemiyasının yayılması təhlükəsi qarşısında qlobal beynəlxalq təsisatların fəaliyyətinin nəzərə çarpmadığı, eyni hərbi, siyasi və iqtisadi birlik və ittifaqlarda təmsil olunan dövlətlərin öz ikitərəfli və çoxtərəfli öhdəliklərinə əməl etmədikləri bir zamanda Türk Şurasına üzv dövlətlərin liderlərinin bir araya gələrək birlik və həmrəylik nümayiş etdirmələri qlobal əhəmiyyət kəsb edən, qarşılıqlı öhdəliklərə, humanizm prinsiplərinə sədaqət xarakteri daşıyan önəmli bir nümunədir. Bu amil, eyni zamanda, Azərbaycanın illər əvvəl başlatdığı yolun, ikitərəfli və üçtərəfli, həmçinin regional əməkdaşlıq platformaları çərçivəsində müəyyənləşdirdiyi strateji hədəflərin əhəmiyyətini də nümayiş etdirir.
Onu sözlərinə görə, bu gün COVID-19 pandemiyasının yayılması təhlükəsi qarşısında qlobal miqyasda göz önünə sərgilənən mənzərə, məhz milli dövlətçilik platforması üzərindən hərəkət edən, həmçinin təməlində ortaq dil, mədəniyyət və digər bu kimi birləşdirici amillərin dayandığı birlik və ittifaqlarda təmsil olunan ölkələrin postpandemiya dönəmində aparıcı mövqeyə çıxacaqları perspektivini yaradır. Bu perspektivin reallığı isə bu gün dünyanın aparıcı beyin mərkəzləri tərəfindən də etiraf olunmaqdadır.
Ekspertin fikrincə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi təkcə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması müstəvisində qardaş dövlətlərin qarşılıqlı əməkdaşlıq niyyətini ifadə etməklə yanaşı, pandemiyadan sonrakı dönəm üçün də mühüm əhəmiyyətə malikdir. “Şübhəsiz ki, COVID-19 təhlükəsi sovuşduqdan sonra dünyada tamamilə yeni siyasi, iqtisadi və ola bilsin ki, geosiyasi reallıqlar yaranacaq. Artıq pandemiyadan sonra dünyanın əvvəlki kimi olmayacağını hamı qəbul edir. Bu baxımdan, Türk Şurasının Zirvə görüşünün, eyni zamanda, pandemiyadan sonrakı dünyanın yeni reallıqlarına hazırlıq kimi dəyərləndirmək də doğru olar. Çünki pandemiyadan və digər amillərdən qaynaqlanan qlobal böhran dövründə, ayrı-ayrı dövlətlərin qarşısında dayanan əsas vəzifə daxili iqtisadi problemlərin həlli, ayrı-ayrı sahələrdə obyektiv səbəblərdən yaranmış tənəzzül prosesinin dayandırılması və aradan qaldırılması olacaq. Belə olduğu təqdirdə, şübhəsiz ki, milli maraqlar hər zamankından daha qabarıq şəkildə ortaya çıxacaq, iqtisadi və siyasi münasibətlərdə dəyişikliklər yaranacaq və regional əməkdaşlığın zəruriliyi ön plana keçəcək. Türk Şurası isə postpandemiya dönəmi üçün bütün müstəvilərdə ən əlverişli və etibarlı platforma hesab oluna bilər”, – deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, ortaq dil və mədəniyyət, xalqların qardaşlığı, liderlərin qarşılıqlı dostluq münasibətləri ilə yanaşı, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası, logistik imkanların genişləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri, Türkiyənin iştirakı və dəstəyi ilə həyata keçirilən layihələr türk dövlətlərinin qarşılıqlı faydalılıq prinsipləri əsasında subregional və qlobal iqtisadi faktora çevrilmələri üçün möhkəm və sabit bir təməl yaradıb.
Siyasi ekspert vurğulayıb ki, zirvə görüşündəki nitqində Prezident İlham Əliyev məhz bu perspektivləri nəzərdə tutaraq Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımalarının mühüm əhəmiyyətə malik olduğunu, Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlərin gördüyünü diqqətə çatdırdı.
Elçin Mirzəbəyli əlavə edib ki, bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycanın dünyada bu təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər olduqca mühüm əhəmiyyətə malikdir.