“Hazırkı dövrdə marginalların belə təxribat törətməsi dövlətə və millətə qarşı xəyanətdir” – Azay Quliyev

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin mərkəzi icra hakimiyyəti orqanlarının yanında fəaliyyət göstərən İctimai Şuraların rəhbərləri və üzvləri ilə onlayn görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan KOBİA, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şura sədrləri və üzvləri iştirak edib.

Üç saatdan çox davam edən iclasda koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasında İctimai Şuraların rolu geniş müzakirə edilib.

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi çevik və təsirli tədbirlərin sayəsində Azərbaycanın COVİD-19 pandemiyasına qarşı effektiv mübarizə aparıldığını və vəziyyətin tamamilə nəzarət altında olduğunu deyib. Azay Quliyev QHT-lərin dövlətin indiki həsas və çətin vaxtda qəbul etdiyi bütün qərarlara dəstək olaraq həyata keçirdiyi fəaliyyətin miqyasının daha da genişləndirməsinin və ölkənin bütün regionlarını əhatə etməsinin zəruri olduğunu vurğulayıb: “Cənab prezidentin dediyi kimi biz birlikdə güclüyük. Ona görə də cəmiyyətin aparıcı institutlarından biri kimi QHT-lər də yaşlı vətəndaşlara sosial xidmətlərin göstərilməsindən, vətəndaşların karantin rejimiylə bağlı maarifləndirilməsinə qədər bütün sahələrdə göstərdiyi fəaliyyətini daha da gücləndirməlidir. Əlbəttə ki biz bütün dünyanın pandemiyayla mübarizə apardığı, karantin rejimi tətbiq etdiyi indiki dövrdə dövlətimizin və millətimizin əlehinə cəbhə açan xəyanətkarlara da birmənalı etirazımızı bildiririk. Əli Kərimli və onun Milli Şura adlı marginal siyasi qurupun fəaliyyəti hətta indiki həssas, ümummili məsələdə də dövlətin və cəmiyyətin maraqlarının əlehinə yönəlib. Avropanın bütün dövlətlərində müxalifət indiki vaxtda dövlətlə, hakimiyyətlə birlik nümayiş etdirir, qəbul edilən bütün rəsmi qərarları dəstəkləyir.Məlumat üçün bildirim ki, ATƏT-ə üzv olan 35 dövlətdə fövqəladə vəziyyət rejimi tətbiq olunur, ancaq bunların heç birində bu qərara qarşı müxalifətin etirazı və hər hansı təxribatına rast gəlmirik. Təssüflər olsun ki, Azərbaycanda bunun əksini görürük. Bu qrup bilərəkdən karantin rejiminin tələblərini pozub həbs olunmaq, daha sonra isə bundan ölkəmizə qarşı istifadə etməyə çalışırlar. Belələrinə yazıqlar olsun. Azərbaycana qarşı bu qədər düşmənçilik etmək olmaz. Hazırkı dövrdə marginalların belə təxribat törətməsi dövlətə və millətə xəyanətdir”.

Görüşdə çıxış edən İctimai Şuraların sədrləri və digər üzvləri media qurumları ilə görüşün keçirilməsi, QHT rəhbərlərinin televiziyalarda ekspert qismində iştirakının təmin olunması, İctimai Şuraların fəaliyyətinin koordinasiyasının təşkili, növbəti görüşə regionlarda və universitetlərdə fəaliyyət göstərən İctimai Şuraların da dəvət edilməsi, sosial yardımların monitorinqi, sosial şəbəkələrdə məqsədli şəkildə yayılan, dövlətin sosial siyasətinin gözdən salınmasına yönələn saxta məlumatlara qarşı aktiv şəkildə münasibətin bildirilməsi, istilik sistemlərinin fəaliyyətinin mayın 1-dək uzadılması, dövlət qurumlarınin yaratdığı İctimai Şuraların qarşılıqlı effektiv şəkildə fəaliyyətinin təmin edilməsi üçün “İctimai İştirakçılıq haqqında” qanuna müvafiq əlavələrin də edilməsi üçün təkliflərin hazırlanması, ictimai sektorun adından hazırkı dövrdə dövlətin bütün fəaliyyətinin dəstəklənməsi, vətəndaşların karantin şərtlərini yerinə yetirməsinin vacibliyi barədə təkliflərini səsləndiriblər.

Konfrans iştirakçıları dövlətimizin və cəmiyyətimizin əleyhinə xəyanətkar fəaliyyət göstərən marginal siyasi qrupların fəaliyyətinin birmənalı qətiyyətlə pislənməsi barədə bəyanat qəbul ediblər.