“Ali məktəbləri və Elmlər Akademiyası özəlləşdirilməlidir” – Qüdrət Həsənquliyev
“Büdcə vəsaitləri hesabına tikintidə çalışanların iş yerlərini qoruyub saxlamaq siyasəti özünü doğrultmayacaq. Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”.
Aktor.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, ölkədə tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcəkdir. Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə 5 mərtəbəli binalar sökülüb, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir.
BAXCP sədrinin fikrincə, mövcud problemləri aradan qaldırıb tikinti sektorunu canlandırmaq üçün artıq Azərbaycan İnşaat Korporasiyası yaradılıb: “Ümid edirəm, Prezident məmurların müqavimətini qıracaq və islahatların yolunu açacaqdır”.
- Həsənquliyev təklif edir ki, təhsilin inkişafı üçün müəllimlərinin minimal əməkhaqqı 1000 manat olmalı və infilyasiyaya qarşı indeksləşdirilməlidir:
“Gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitoluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir. Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin tikintisi üçün torpaq sahələri ayrılmalı, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır”.
BAXCP sədri qeyd edib ki, ali təhsil müəssisələrinin böyük əksəriyyəti, o cümlədən Elmlər Akademiyası özəlləşdirilməlidir:
“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir. Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 (min) nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla, bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”.
Qeyd edək ki, Q. Həsənquliyev Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabatı zamanı büdcə layihəsi hazırlanarkən tikintiyə ayrılan xərclərin iki dəfə azaldılmasını, elm və təhsilə ayrılan xərclərin isə iki dəfə artırılmasını təklif edib.