Bu gün Ted.Az-ın 1 yaşı tamam olur!

Düz bir il bundan öncə, Azərbaycan mediasına yeni üzv daxil oldu. Fəlsəfəsində əks etdirdiyi texnoloji sürətlə – TED.az İnformasiya Agentliyi.

Texnologiya, elm, dünya deyən TED.az-çılar dünyanı elm və texnologiyanın vəhdətində saxlamaq iddiası ilə ölkəmizdə yeni ekosistemin formalaşdırılması üçün məşəqqətli yola çıxdılar. “Bu yol məktəb yoludur” misrasında deyildiyi kimi ən azı məşəqqəti qədər də marağı vardı. Yeni terminlər, yeni simalar, yeni sahələr – “yol çəkənlər” daha yaxşı anlayar. Mənzərəni daha aydın ifadə etmək üçün bir nüansı diqqətinizə çatdırmaq zənnimcə yetərli olacaq: TED.az-da ən peşəkardan “pioner”ə kimi hər kəs nəyisə səhv edər deyə, bir-birindən ehtiyatlanırdı. Yəni anladığınız, hər kəs bir yerdə öyrəndi və …

Hər gün 6 bölmə üzrə təxminən 70-80 xəbər, müsahibə, araşdırma, reportaj və müəllif yazıları ilə Azərbaycan oxucularına texnologiya dünyası ilə bağlı demək olar ki, hər şey çatdırılır.

Məşhur bir deyim var – müəllim şagirdlərə kimliyi izah etmək üçün lövhədə 1 yazır. Sonra həmin 1-in yanına çoxlu sayda sıfır əlavə edir. Deyir ki, bu “1” sizin şəxsiyyətinizdir, sıfırlar isə məktəbə getməyiniz, əlaçı olmağınız, universitetə qəbulunuz, uğurlu karyeranız… Sonra həmin “1”i silir və şagirdlər kimliyin nə olduğunu anlayırlar.

Keçən 1 ildə çalışdıq ki, kimliyimizi qazanaq, qazandıq. Sıra “1”imizi qorumaq şərti ilə sıfırlarımızı qazanmaqdadır.