“Məsuliyyətə cəlb olunsunlar” – Millət vəkilindən mühüm təklif
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə COVİD-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin effektivliyinə zərbə vurmaq məqsədi daşıyan hərəkətlərin qanunvericilik çərçivəsində məhdudlaşdırılması üçün təklif verib.
BAXCP-nin mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin təklifində qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVİD-19 virusuna qarşı dünyada pandemiya elan olunmasına baxmayaraq, bəzi tibb işçiləri də daxil olmaqla bir qrup şəxslər tərəfindən koronavirusun təhlükəliliyi barədə məlumatların müəyyən siyasi məqsədlər naminə şişirdildiyinə dair müxtəlif səpkili məlumatlar yayılır: “Bu tip məlumatlar vətəndaşların, onların həyatı və sağlamlığı üçün müvafiq dövlət orqanları tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə etimadını sarsıtmaqla ciddi psixoloji gərginliyə səbəb olur, insanların marifləndiriməsi və məlumatlandırılması istiqamətində dövlətin informasiya siyasətinə ciddi ziyan vurmaqla epidemiyaya qarşı mübarizəni xeyli çətinləşdirir. Ona görə də təklif edirəm ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması” adlanan 13-2.3.10-1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
– “Epidemiya elan olunmasına səbəb olmuş yoluxucu xəstəliyin insanların həyat və sağlamlığı üçün böyük təhlükə yaratmaması, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminaylı obyektlərin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyeklərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar”.Bu cür informasiya yayanlar İnzibati Xətalar Məcəlləsinin “İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə bir informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması” adlanan 388-1 ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunsunlar”.