Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, bununla da, Azərbaycanda koronavirusdan həyatını itirənlərin sayı 7 nəfərə yüksəlib.

Xatırladaq ki, ölkəmizdə 584 şəxsdə koronavirus aşkarlanıb, onlardan 32 nəfəri sağalıb. Hazırda 545 xəstənin müalicəsi davam etdirilir.