“Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz bu bəlanın da öhdəsindən şərəflə gələcək

Koronavirusun dünyada yayıldığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi çevik və doğru qərarlar, risklərin düzgün idarə edilməsi istiqamətində verdiyi qəti göstərişlər əhali arasında xəstəliyin geniş yayılmasının ciddi şəkildə qarşısını aldı. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və onun çevik fəaliyyəti xəstəliklə mübarizədə daha əlverişli mövqedə olmağımızı təmin etdi.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.

O qeyd edib ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

Yusif Ağayev deyib ki, “Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz əzmkarlıq, iradə və fədakarlıq nümayiş etdirərək bu qlobal bəlanın da öhdəsindən şərəflə gələcək. Bu cür qlobal böhranlar və riskli vəziyyət dünya ölkələri və liderləri üçün bir sınaq olur. Hər bir dövlət başçısının potensialı və idarəetmə bacarığı məhz çətin və gözlənilməz anlarda üzə çıxır. Bu gün bir həqiqət bir daha təsdiq olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin risklərin qarşısını almaq və onları idarə etmək sahəsində böyük təcrübəyə malikdir. Bu, ölkə vətəndaşlarında əminliyi və inamı artıran ən vacib amillərdəndir.

“Ulularımız deyib ki, hər bir çətinliyin, hər bir qorxunun sonunda bir işıq var. “Evdə qal” deyərək sağlamlığımızı qorumaq, eyni zamanda, mənəvi dünyamızı zənginləşdirmək, sosial şəbəkələrin, virtual həyatın və distant müzakirələrin vacibliyini anlayaraq, yeni həyat platformaları kəşf etməliyik. Vaxtımızı düzgün idarə edərək, bu mübarizə imkanını doğru dəyərləndirib səmərəli istifadə etməliyik”, – deyə Y.Ağayev qeyd edib.