İctimai xadim Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Tanınmış ictimai xadim Azər Allahverənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Fəlsəfə doktoru A.Allahverənov Aktor.Az-a bildirib ki, hər bir vətəndaş bu nəcib təşəbbüsə qoşulmalı və pandemiya ilə mübarizəyə öz töhfəsini verməlidir. Danılmaz bir faktdır ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımların göstərilməsi ölkə rəhbərliyinin həyata keçirdiyi dövlət siyasətinin vacib istiqamətlərindədir. Bu gün Azərbaycan Hökuməti mövcud resurslardan səmərəli istifadə edərək ölkə əhalisini son aylar dünya ölkələrinin əksəriyyətini təsir və təhlükə altına alan koronavirus infeksiyasından qorumağa müvəffəq olur. Bununla Dövlət hər bir vətəndaşın yanında olduğunu göstərir və biz də bu ölkənin sıravi vətəndaşları olaraq dövlətimizin, onun siyasi rəhbərliyinin yanında olmalıyıq, bu sahədə həyata keçirilən mübarizəni dəstəkləməliyik. Yalnız birgə səy göstərməklə və həmrəy olmaqla bəşəriyyət üçün yeni bir təhlükəyə çevrilmiş pandemiya adlı yoluxucu xəstəliyə qalib gəlmək mümkündür. İctimai xadim qeyd edib ki, bu gün ölkədə xüsusi karantin rejimi mövcuddur. Minimum qaydalar var ki, hər bir vətəndaş onlara əməl etməlidir. Ölkə əhalisinin sağlamlığının qorunmasına hesablanmış bu qaydalar hər bir fərdin və onun yaxın çevrəsinin təhlükəsizliyinin təmin olunmasına hesablanıb. Hər birimiz bu qaydalara əməl etməli, müəyyən olunmuş tələblər daxilində, xüsusilə də sosial təcrid şəraitində gündəlik fəaliyyətimizi həyata keçirməliyik. Unutmayaq ki, güc birlikdədir. Yalnız bu yolla biz koronavirusa qalib gələcəyik və həmin gün uzaqda deyil. A.Allahverəniv buna əmin olduğunu və hər birimizin də buna əmin olmağa çağırıb.