AZƏRBAYCAN UŞAQ QAYNAR XƏTTİNƏ “KORONAVİRUS (COVID-19)” BAĞLI MÜRACİƏTLƏR VƏ VALİDEYNLƏRƏ TÖVSİYYƏLƏR
Azərbaycanda Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi müraciət yayıb. Aktor.Az həmin müracəti təqdim edir:
“10 ildən artıqdır ki, Azərbaycanda Ümidli Gələcək Sosial Təşəbbüslər İB-in nəzdində Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti fəaliyyət göstərir. Qaynar Xəttin hədəf qrupu 18 yaşına çatmamış uşaqlar və onların problemləri ilə əlaqədar hər bir şəxsi əhatə edir. Operatorlarımız tərəfindən daxil olan hər bir müraciət ətraflı şəkildə dinlənilir, təcili və təxirəsalınmaz sosial-psixoloji və hüquqi yardım göstərilir.
Son günlər bütün dünyanı ağuşuna almış “Koronavirus (COVID-19)” bəlası ilə əlaqədar olaraq bir çox qurumlar fəaliyyətini məcburi qaydada dayandırmışdır. Lakin qeyd etmək istərdim ki, AUQX xidmətinin 116111 qısa nömrəsi fəaliyyətini 7/24 sistemi ilə davam etdirməkdədir.
Hamıya məlumdur ki, bağçalar və əksər iş yerlərinin müvəqqəti bağlanılması ilə əlaqdədar olaraq valideynlər günlərinin çox hissəsini uşaqları ilə birgə evdə keçirməli olurlar. Bəzi valideynlər bunu fürsətə çevirərək övladları ilə daha sıx bağlar qurmağa çalışsa da, AUQX-yə daxil olan müraciətlərə əsasən deyə bilərik ki, xüsusən azyaşlı bir neçə uşağı olan valideynlər üçün evdə vaxt keçirmək “işgəncə” kimidir.
Bu hal uşaqlar tərəfindən baxıldıqda bir tərəfdən anlaşılandır, çünki bir yandan havalar istiləşdikcə, günəş şüaları pəncərədən otaqları isitdikcə evdə oturmaq çətinləşir. Uşaqlar həm də dərsə getmir, həmyaşıdları ilə ünsiyyətdə olmur. Bunun üçün də lazım olan qayğını, diqqəti, ünsiyyəti valideynlərindən tələb edir. Valideynlər tərəfdən da baxdıqda müəyyən mənada onlara haqq qazandırmaq olur, çünki bu vəziyyət hər birimiz üçün alışdığımız standart gündəlik qayğılarımızdan kənaraçıxmadır və adaptasiya olduğumuz komfort zonanın hüdudlarından uzaqlaşma bütün insanlara həm psixoloji, həm də mənəvi çətinliklər yaradır.
Lakin bir şeyi unutmaq olmaz ki, bu şərait müvəqqətidir və yaranmış vəziyyəti pozitivə çevirmək yalnız bizim əlimizdədir.
Yaxşı olar ki, evdə keçirdiyimiz bu müddəti uşaqlarımızla daha çox əylənərək, həm də öyrənərək dəyərləndirək. Biz bugünlərə qədər olduqca ağır rejimlə işləyirdik və övladlarımıza vaxt ayıra bilmirik deyə özümüzü günahkar hiss edirdik, elə deyil?
Gəlin onda bu müddətdə çoxdandır övladlarımızla etmək istəyib də edə bilmədiyimiz fəaliyyətlərlə məşğul olaq.
– Övladlarımızı ev işlərinə cəlb edərək həm gündəlik yükümüzü azalda, həm onlarda şəxsi qayğılarla bağlı inkişafa dəstək ola, həm də xoş xatirələr yarada bilərik.
-Adi günlərdə belə kitab oxumaq hər baxımdan bizə faydalı olan bir hobbi idirsə, uşaqlarımızda bu vərdişi formalaşdırmaq üçün daha gözəl fürsət ola bilərdimi?
-Rəngli kağız, rəngli qələmlər, plastrin, yapışqan uşaqlaer üçün hər zaman əyləncə mənbəyi ola bilər. Həmçinin bu fəsliyyət uşaq və valideyn arasında bağların gücləndirilməsinə xidmət edən ən yaxşı üsuldur.
-Ailənin bütün üzvlərinin iştirakı ilə oynanılacaq oyunlar (loto, söz oyunları, tapmaca və s.) uşaqlarda diqqətin inkişafına dəstək olmaqla “QRUP” dinamikasının mənimsənilməsinə gətirib çıxaracaqdır.
-Ailənin bütün üzvlərinin birlikdə izləyə biləcəyi filmləri internetdən araşdırmaqla həm özünüz, həm də övladlarınız üçün maraqlı zaman dilimi yaratmış ola bilərsiniz.
-Rəqs etmək, musiqi dinləmək – yəqin ki, bu məşğuliyyətlər bütün insanlarda pozitiv hisslər yaradır. Bugünlərdə fizioloji sağlamlığımızla yanaşı psixoloji sağlamlığımızın da qeydinə qalmalıyıq.
-İdman etmək isə fizioloji və psixoloji sağlamlıqla yanaşı, fiziki sağlamlığımızın da qeydinə qalacaq.
Son günlərdə Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlər içərisində təhsilin davamının necə olacağı, imtahanlar və ali məktəbə qəbul prosesi ilə bağlı öz narahatlığın, keçirdiyi həyəcanı bölüşən yeniyetmələr də az deyil. Biz onların həyəcanını ifadə etmələrinə şərait yaradaraq, lazım olan psixoloji dəstəyi veririk. Hər bir halda vəziyyət hal-hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada kritik olduğundan güman edirəm ki, imtahan və ali məktəblərə qəbul proseslərində də psixoloji gərginliyi aradan qaldırmaq məqsədilə adiyyatı qurumlar tərəfindən addımlar atılacaqdır.
Əziz yeniyetmələr, içimizdəki MƏNi görmək, dincəlmək, yeni və arzusunda olduğumuz vərdişləri formalaşdırmaq üçün indi əsl fürsətdir.
Gəlin inanaq ki, Bu çətin sınaq müddəti mütləq keçəcək, çünki ölkəmiz virusa yoluxmanın qarşısının alınması istiqamətində kifayət qədər ciddi addımlar atır. Hamımız əlbir olmaqla minimum ziyanla öhdəsindən gələ bilərik. İndi ehtiyacımız olan şey yalan və etibarsız mənbələrdən yayılan məlumatlara inanmamaq, qorunma tədbirlərinə maksimal riayət etmək, mənfi emosiyalardan uzaq durmaq, sizə neqativ hisslər ötürən insanlarla daha az ünsiyyətdə olmaq, şəxsi gigiyenamızın qayğısına hər zaman olduğundan qat-qat artıq qalmaqdır.
Azərbaycan Uşaq Qaynar Xətt xidməti olaraq biz gələcəyimizin övladlarının yanındayıq.
Özünüzü qoruyun! Evdə Qalın!”