Azərbaycanın uğurlarının əsasında milli həmrəylik dayanıb – Elçin Mirzəbəyli
Prezident İlham Əliyevin “Yeni klinika” tibb müəssisəsinin açılışındakı nitqində səsləndirdiyi fikirlər, toxunduğu məqamlar təkcə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətin ayrı-ayrı istiqamətlərinin diqqətə çatdırılması baxımından deyil, eyni zamanda, dövlət başçısının ismarıclarının daşıdığı fəlsəfi-mənəvi yükə görə də mühüm tarixi önəm daşıyır. Prezidentin “Biz birlikdə güclüyük” şüarının əks etdirdiyi məna, daşıdığı təyinat xalqımızın bütün maneələri aşması, bütün çətinliklərə sinə gərməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün yeganə düsturdur və bizi strateji hədəflərimizə doğru aparan yolun ideoloji əsasını təşkil edir. “Birlikdə güclü olmaq” xalqla dövlətin, ictimaiyyətlə siyasi hakimiyyətin vahid bir məqsəd və strategiya ətrafında birləşdiyini, iç-içə olduğunu, bütövləşdiyini nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Azərbaycanın bu günə kimi əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb. Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb problemlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan alnıaçıq, üzüağ və şərəflə çıxmağa imkan verib. “Məhz bu baxımdan milli həmrəylik və birlik Azərbaycanın bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir. Ötən müddət ərzində koronavirusla mübarizə sahəsində çox önəmli addımlar atılıb. Azərbaycan Prezidentinin də öz nitqində ifadə etdiyi kimi, görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsəd güdür: az itkilərlə sınaqdan çıxmaq və maksimum dərəcədə vətəndaşlarımızı qorumaq”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, koronavirus elə bir təhlükəli pandemiyadır ki, onun qarşısının yalnız dövlətin həyata keçirdiyi tədbirlərlə almaq mümkün deyil. Bu çətin sınaqdan çıxmağın yeganə yolu qəbul olunan qərarların, tətbiq edilən qaydaların tam həyata keçirilməsinə nail olmaqdır. Koronavirusla mübarizədə vətəndaş dövlətlə bütövləşməli, hər bir insan qəbul etdiyi qərarların mahiyyətinə uyğun düşünməli və davranmalı, dövlətin daşıdığı hüquqi, humanitar yükün məsuliyyətini həm də öz çiyinlərində hiss etməlidir.
E.Mirzəbəyli qeyd edib ki, koronavirus təhlükəsi vətəndaşdan dövlət kimi düşünməyi və hərəkət etməyi, təkcə özünə görə deyil, eyni zamanda, başqalarına görə də məsuliyyət daşımağı tələb edir. “Biz birlikdə güclüyük” şüarının mahiyyətində də elə bu məsuliyyət və onun paylaşılması, vətəndaşın dövlətlə bütövləşməsi amili dayanır. Dövlətimizin başçısı da öz çıxışında bu amilin hansı məqamlardan ibarət olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, hamı bir olmalı, hamı bir hədəfə vurmalı, özünü və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, onları birmənalı icra etməli, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir. Bu baxımdan, Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı, şübhəsiz ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq və qarşımızda duran maneələrin dəf olunması üçün ideoloji platforma rolunu oynayacaq.