Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşuldu
“Təmsil etdiyim təşkilat da könüllü şəkildə Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına, eyni zamanda Şura sədri Azay Quliyevin 2020-ci il qrant müsabiqəsində qalib gəlmiş layihələrin bir qisminin koronavirusla mübarizə istiqamətinə dəyişdirmək çağırışına qoşulub”.
Bunu açıqlamasında “Aktor” İctimai və Sosial Təqdqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa (Məmmədov) bildirib.Sədr müavini hər iki təşəbbüsü dəstəkləyərək, bu addımların indiki dönəmdə zəruri olduğunu diqqətə çatdırıb:
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib.Bu məqsədlə Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirəcək qurumlara müraciət edib.Azay müəllim 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif etmişdi.Hesab edirəm ki, olduqca düzgün və vaxtında verilmiş qərardı.
Xatırladım ki, sözügedən layihələr içərisində təşkilatımızın mövzusu da uyğunluq təşkil edib.Məsələ ilə bağlı təşkilat daxilində görüş keçirdik və birmənalı şəkildə Şura sədrinin təklifinin dəstəklənməsinə qərar verdik.Hazırda layihəmizin, Fəaliyyət Planın koronavirusla mübarizə istiqamətinə dəyişdirilməsi işləri gedir. Bu məsələdə Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, həmçinin birgə keçirən qurum qismində çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin hörmətli və peşəkar koordinatorlarının, ekspertlərinin təkliflərinə, dəstəyinə ümid edirik”.
Sonda sədr müavini xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə əminlik ifadə edib.