“Koronavirus bayramı”, Yaxud ölüm havasına tətil edənlərə xitab – Elçin Mirzəbəyli yazır
Koranavirus təhlükəsi yarandığı gündən media susmur. Həmkarlarım qarışqa kimi durmadan çalışırlar.
Dövlət başçısı, Nazirlər Kabineti yanında Operativ Qərargah, koronavirusa qarşı elan olunmamış savaşda iştirak edən bütün dövlət qurumlarının təmsilçiləri, həkimlər, ekspertlər bu dəhşətli bəlanın nə qədər təhlükəli olduğu barədə ismarışlar verirlər.
Koronavirusun az qala dizə çökdürdüyü cəmiyyətlərin və dövlətlərin düşdüyü acınacaqlı durum ən incə detallarına kimi, faktlarla göz önünə sərgilənir. Amma sən hələ də nağıllara, əfsanələrə, şayiələrə, qorxu hissini yenmək üçün koronavirusla bağlı ağlasığmaz nəzəriyyələr uyduran “geosiyasət uzmanları”nın cəfəngiyatına inanırsan. Səninləyəm, Məmməd kişi. 70 yaşın var. Dünyəvi təhsil almısan. Orta məktəbdə, universitetdə məcburiyyətdən də olsa 3-5 kitab oxumusan. Nizamini, Nəsimini, Şekspri, Çexovu, Dostayevskini, Hüqonu… tanıyırsan. Ola bilsin oxuduğun əsərlərin süjet xəttini, personajların adlarını da unutmamısan. Orta məktəbdə, universitet illərində 5-10 tamaşaya da baxmısan, yəqin. Üzeyir Hacıbəyovun, Bethovenin, Şopenin, Qara Qarayevin, Fikrət Əmirovun musiqilərini də dinləmisən. Buna şübhə etmirəm. Çünki sənin təhsil aldığın illərdə buna məhkum idin. Ola bilsin ki, gənclik illərində, lap elə ilk görüşə gedəndə Tofiq Quliyevin “Sevgilim” mahnısını zümzümə də etmisən. Amma pəncərədən baxiram, ayaqlarını arxanca sürüyə-sürüyə, 5 yaşlı nəvəni də yanına salıb gəzintiyə çıxmısan. Maska yox, əlcək yox, 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasını yasaqlayan qaydalar da ortada. “Xəbərim yoxdu’ demə, çünki bu halda təkcə məsuliyyətsizliyin deyil, həm də yalançılığın ortaya çıxacaq. Bəs geridə buraxdığın illər, aldığın təhsil, oxuduğun kitablar, baxdığın tamaşalar, dinlədiyin musiqilər sənə heç nə öyrətmədi, Məmməd kişi? O 5 yaşlı körpənin günahı nədir ki, onu da öz hikkənə qurban verirsən? Balkondan hər addımını ürək ağrısı ilə izləyən, abrina qısılıb istəyinə “yox” deyə bilməyən gəlinin Firəngizin suçu nədir? Axı sən yoluxsan bu dəhşətli bəlanı özünə, 5 yaşlı körpə nəvənə, onun 3 yaşlı bacısına, oğluna, gəlininə, xəstə həyat yoldaşına yoluxduracaqsan… Bütün doğmalarını öz hikkənə, məsuliyyətsiz davranışlarına qurban verəcəksən.
Bəs siz – Selcanın, Gulcanın, Fatehin valideynləri… Axı sizin övladlarınızı “Koronavirus bayramı” tətilinə buraxmayıblar. Bu nə tətil havasıdı belə?
Bəlkə elə düşünürsünüz ki, koronavirus sizə yaxın düşməyəcək? Sizi, övladlarınızı görən kimi diz çöküb üzr istəyəcək? Bəlkə elə fikirləşirsiniz ki, virus xalqlar və insanlar arasında xüsusi seçim edir?!
İtaliyada tanıdığım və vaxtilə birlikdə çalışdığım insanlar var. Onların necə böyük bir faciə yaşadığını təsəvvür belə edə bilməzsiniz. Məsuliyyətli, vicdanlı, mərhəmətli insanlar məsuliyyətsiz, vicdansız, mərhəmətsiz gerizəkalıların səhvlərinin girovuna çevriliblər.
Başa düşürəm, siz heç ğözü çıxmış qardaşınızın faciəsindən nəticə çıxara bilmirsiniz, sizdən min kilometrlərlə uzaqdan yaşayan Covanninin, Diananın, Jan Markın yaşadığı faciədən nə anlaya bilərsiniz ki…
Amma anlamağa məcbursunuz. Çünki sizin ucbatınızdan bu dəhşətli virusa yoluxan, həyatını itirən hər kəsin günahı sizin üzərinizdə qalacaq. Nə qədər çətin olsa da evdə qalın! Yüzlərlə, minlərlə günahsız insanın əzabına, ölümünə bais olmayın!
Elçin Mirzəbəyli