“Biz birlikdə güclüyük” – Elçin Mirzəbəyli
Azərbaycan Prezidentinin AzTV-yə musahibəsində yer alan fikirlər koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə istər dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, medianın və təbii ki, vətəndaşlarımızın bundan sonra atacağı addimlar, sərgiləyəcəyi davranışlar, uğurlu nəticəyə hesablanmış birliyimiz, həmrəyliyimiz üçün vahid yol xəritəsidir. Təsadüfi deyil ki, dövlətimizin başçısı milli birliyimizi, həmrəyliyimizi qarşımızda duran bütün vəzifələrin həllində əsas hərəkətverici, stimullaşdırıcı amil kimi dəyərləndirir.
Bu günə qədər görülən işlərin, atılan addımların koronavirus təhlükəsinin qarşısının alınacağına və ölkəmizin bu ekstrimal vəziyyətdən az itkilərlə çıxacağına böyük ümidlər yaratması da məhz Prezident İlham Əliyevin vurğuladığı amillərlə bağlıdır.
İctimai rəydə belə bir qənaətin formalaşmasına zəmin yaradan amillərdən biri də, şübhəsiz ki, bu günə qədər görülmüş işlərin vaxtında və düzgün atılmış addımlarlə müşayiət olunmasıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır.
Bununla yanaşı, bir məqamı da xüsusi olaraq diqqətə almaq lazımdır. Koronavirus olduqca ciddi bir təhlükədir. İnkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiyanın çox faciəvi nəticələrə gətirib çıxarması da bunu sübuta yetirir.
İndiki məqamda bizim üçün ən önəmli məqamlardan biri Azərbaycanın digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlaması, virusun yayılmasının qarşısının alınması istiqamətində qəbul edilən qərarların və atılan addımların hadisələrin inkişaf dinamikasına uyğun, bir çox hallarda isə önləyici xarakter daşımasıdır.
Qlobal təhlükəyə qarşı qlobal məsuliyyət
Azərbaycan bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk gündən ciddi təhlükə kimi qəbul etdi və qarının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməyə başladı.
Koronavirusun yayılması təhlükəsinə münasibətdə İtaliya kimi inkişaf etmiş bir ölkənin, qonşu İranın və bir sıra digər dövlətlərin çevik reaksiya verməmələri təəssüf ki, olduqca acınacaqlı bir nəticənin ortaya çıxmasına zəmin yaradıb.
Azərbaycan dövləti isə təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atdı, hətta qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirdi, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgilədi.
Buna misal olaraq, ölkəmizin koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və qonşu İrana verdiyi maliyyə dəstəyini göstərmək olar.
Şübhəsiz ki, ölkəmizin ÜST-ə və qonşu İrana göstərdiyi maliyyə yardımı həm də Azərbaycan vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki koronavirus qlobal təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Bu baxımdan ölkəmizin sərgilədiyi movqeni eyni zamanda qlobal miqyasda həmrəyliyə çağırış və bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır.
Koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz bir şəkildə ölkəmizə gətirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, virusun yayılmasının minimuma endirilməsi məqsədilə karantin rejiminin tətbiqi, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, aztəminatlı ailələrin müdafiəsi istiqamətində qəbul olunan qərarlar və nəhayət, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaradılması Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürütdüyünü sübuta yetirir. Qeyd etmək lazımdır ki, Azərbaycan Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaratmaqla həm də bir ilkə imza atdı.
Bu arada Fondun yaradılması ilə bağlı bir məqama da diqqət çəkmək istəyirəm: Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını sadəcə bu pandemiyanın qarşısının alınmasına əlavə vəsaitlərin cəlb edilməsi üçün bir vasitə kimi baxmaq, düşünürəm ki, çox bəsit yanaşma olardı. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilk növbədə bu qlobal təhlükəyə qarşı vahid milli mövqenin, birlik və həmrəyliyin əməldə nümayişi üçün bir vasitədir.
Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq, onların təhlükəsiz və layiqli həyatını təmin etmək üçün bütün mümkün addımları atır. Məqsəd isə bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxmaqdan ibarətdir. Yəni bütün digər məsələlərdə olduğu kimi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təməlində də insan amili dayanır. Amma bu proses qarşılıqlı yanaşma tələb edir. Dövlət nə qədər güclü olsa da vətəndaşın dəstəyi, həyata keçirilən tədbirlərə anlayışlı münasibəti, qaydalara istisnasız əməl etməsi, məsuliyyətli davranışı olmadan bu mühüm vəzifənin öhdəsindən gələ bilməz. Məhz bu səbəbdən də Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə ölkə vətəndaşlarına öz ismarışlarını çatdırdı və qeyd etdi ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.
“Biz birlikdə güclüyük!’ – hesab edirəm ki, Azərbaycan Prezidentinin bu sözləri koronavirusla mübarizənin leytmotuvinə çevrilməlidir. Dövlətimizin başçısı güclü olmanın düsturunu bir daha Azərbaycan cəmiyyətinə xatırlatdı: Milli birlik və həmrəylik! Birlik isə bətnində əməli davranışları daşıyan, daha məsuliyyətli, mərhəmətli, vicdanlı olmağı tələb edən bir anlayışdır. Bizim bir xalq olaraq keçdiyimiz yol, daşıdığımız dəyərlər, mənsub olduğumuz mədəniyyət də gerçək bir Azərbaycanlı olmaq üçün məhz bu keyfiyyətləri tələb edir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək”.
Elçin Mirzəbəyli