İranda 6 yaşlı uşaq koronavirusdan öldü
İranda 6 yaşlı uşaq yeni növ koronavirus (“COVID-19”) xəstəliyi səbəbindən ölüb.
“Anadolu” agentliyinin xəbərinə görə, bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.
Bildirilib ki, İranın Şimali Xorasan əyalətində indiyə qədər 189 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19-u vəfat edib. Virusun qurbanlarından birinin 6 yaşlı uşaq olduğu bildirilib.
Qeyd edək ki, dünyada sürətlə yayılan və pandemiya elan olunan virus üçün risk qrupunun əsasən yaşlı adamlar olduğu deyilsə də, həkimlər virusun immuniteti zəif olan uşaqlar və gənclərdə də ölümə səbəb olduğunu bildirir.
İran Səhiyyə Nazirliyi martın 14-də açıqlamasında qeyd edib ki, yeni növ koronavirus səbəbi ilə həyatını itirənlərin orta yaşı 67, xəstəliyə yoluxanların orta yaşı isə 54-dür. Virusun ən gənc qurbanı isə 3 yaşlı uşaqdır, həmin uşaq eyni zamanda leykoz xəstəliyindən əziyyət çəkirdi. (APA)
Qeyd edək ki, İranda ümumilikdə koronavirusa yoluxanların sayı 23 049, ölənlərin sayı 1812-dir.