İranda vəziyyət ağırdı: yoluxma tempi qalmaqdadır

İranda yeni koronavirusa (COVID-19) yoluxma artım tempi üzərindədir.Bunu İranın Tibb Təşkilatının sədri Məhəmməd Rza Zəfərqəndi deyib. Bu barədə Trend ISNA-ya istinadən məlumat verib.

M.Zəfərqəndinin sözlərinə görə, 26 martadək izolyasiya etmək və mənzildən çıxmamaq planı təxminən 15-20% artarsa, virusun yayılma artımı azala bilər. Bu baş verməzsə, xəstəlik hətta 2 ay və ya daha çox davam edə bilər.

Zəfərqəndi əlavə edib ki, İranda yoluxma halı ilə bağlı real statistika Səhiyyə Nazirliyinin elan etdiyi statistikadan qat-qat çoxdur. Bu təbii haldır. Çünki nazirlik Ümumdünya Səhiyyə Təşkilatının protokolları və analizləri yoxlanan xəstələrin qeydə alınmasına əsasən statistikanı elan edir.

“Halbuki bir çoxu özünü izolyasiya edib, bir çoxu da analiz verməyib”, – deyə o qeyd edib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.