Azərbaycanda zəngin idarəçilik təcrübəsinə əsaslanan sistem yaradılıb

Elmi tədqiqatlar təsdiq edir ki, ictimai həyatın bütün sahələrində qazanılan uğurların əsasında məhz dövlətin həyata keçirdiyi milli inkişaf strategiyası dayanır. Bu gün Azərbaycanda zəngin idarəçilik təcrübəsinə əsaslanan sistem yaradılıb. Ulu öndər Heydər Əliyevin dövlət idarəetməsindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik dövründə ölkəmizin mövqelərini möhkəmləndirib.Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.

O qeyd edib ki, Ulu Öndərin söylədiyi “İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır” fikri Azərbaycanın əldə etdiyi uğurlarda öz təsdiqini tapıb. Hər hansı bir ölkənin əldə etdiyi nailiyyətlər onun iqtisadi vəziyyəti ilə yanaşı, insan potensialının formalaşmasına yönəlmiş siyasəti ilə də bağlıdır.

Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib: “Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan potensialına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür”. Bunun öz növbəsində Azərbaycanın gələcək inkişaf istiqamətlərinin reallaşdırılmasına zəmin olacağını deyən Yusif Ağayev bildirib: “İndi əsas məqsəd müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından birinə çevrilən dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirməklə gələcəyə aparmaqdır”.

Gənclərin həyata keçirilən islahatların aparıcı qüvvəsi olduğunu bildirən şöbə müdiri vurğulayıb: “Ölkə rəhbərinin iradəsi gələcəyə yeni ümidlər yaradır. Bu ümidlərin əsasında isə dövlətin gənclər siyasəti dayanır. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Ulu öndər Heydər Əliyev gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, “gənclər bizim gələcəyimizdir”. Ümummilli Liderin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti 2003-cü ildən onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətdə həyata keçirilir”.

Dövlət gənclər siyasətinin icrasında qarşıya qoyulan mühüm vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimadın göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi, bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Prezident İlham Əliyev əhalinin 30 faizə yaxınını təşkil edən gənclərin problemləri ilə daim maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin hərtərəfli inkişafına, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında bu təbəqənin rolunun artırılmasına xüsusi diqqət yetirir, onların dövlət işlərində irəli çəkilməsinə xüsusi önəm verir, idarəetməyə daha geniş cəlb olunmasına çalışır.

Azərbaycan Prezidenti vurğulayır ki, “islahatlara alternativ yoxdur… kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. Deməliyəm ki, kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha yüksək inam doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verdi. Kadr islahatları dövlətçilik qarşısında xidmətləri olmuş şəxslərin zəhmətinin cəmiyyətin gözləri qarşısında qiymətləndirilməsi və gənclərə əlverişli karyera yüksəliş imkanları açmaq baxımından da əhəmiyyətlidir. Dövlətimizin başçısı xidməti olanları bir daha dəyərləndirməkdə və gənclərə meydan açmaqda nə qədər ardıcıl və prinsipial siyasət yürütdüyünü nümayiş etdirdi.

Y.Ağayev bildirib ki, ötən il Prezident Administrasiyasında struktur və kadr islahatları aparılıb, müxtəlif qurumların yaradılması, bəzilərinin birləşdirilməsi və ya ləğvi barədə sərəncamlar imzalanıb. Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Beləliklə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti onun layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni keyfiyyət səviyyəsində ardıcıl olaraq böyük nailiyyətlərlə davam etdirilir. Əminliklə demək olar ki, Azərbaycan gəncliyinin Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizin daha böyük qələbə və uğurlara imza atacağını, gələcək inkişafa öz töhfəsini verəcəyini bir daha sübut edir.

Hazırda ölkəmizdə gedən proseslərdən danışan dosent Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin artıq öz bəhrələrini verdiyini bildirib. Vurğulayıb ki, məhz bu müstəqil siyasət ölkə rəhbərinin reytinqini yüksəldir və gələcəkdə əldə ediləcək uğurların əsasını qoyur.