AzTU-da “Azərbaycan-tükənməz xəzinə!” layihəsinin müzakirəsi keçirilib – FOTOLAR
Azərbaycan Texniki Universitetinin (AzTU) akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə qalibi Elminaz Qəhrəmanovanın “Azərbaycan – tükənməz xəzinə!”adlı layihəsinin yekun müzakirəsi keçirilib.Öncə qeyd edək ki, bu vaxta qədər layihə ilə bağlı iki tədbir həyata keçirilib.
Ardıcıllıqla çıxış etmiş ekspertlər – Azərbaycan Texniki Universitetinin Sənaye Ekologiyası və neft kafedrasının müəllimi Mahmud Allazov, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə və jurnalist Telman İsa (Məmmədov) layihə ilə bağlı firkirlərini bölüşüblər.
Ekspertlərin çıxışında ali təhsil müəssisələrində təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə bu tip maarifləndirici seminarların vacibliyi diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda da geniş informasiya verilmiş, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Ekspertlər Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ekoloji mühitinə, ölkəmizin flora və faunasına, təbii sərvətlərinə külli miqdarda ziyan dəyməsini də gündəmə gətiriblər.
Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara sertifikat, buklet və əyani vasaitlər təqdim edilib.
Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.