Azərbaycanda koronavirusla mübarizə – qurumlar koordinasiyalı işləyirmi? – Ekspert rəyi

Koronavirusun dünyanı təhdid etməsi, eyni zamanda nefti dünya bazarında qiymətinin kəskin aşağı düşməsi Azərbaycan hökumətini ciddi şəkildə hərəkətə gətirib.

Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib. Baş nazir Əli Əsədov müşavirədə əhaliyə çağırış edib.

Koronavirusun pandemiya səviyyəsinə çatmasının qlobal iqtisadiyyatda ciddi problemlərin yaranacağı ehtimalını daha da gücləndirməsi hökuməti həm koronavirusun əhali arasında yayılmasının qarşısını, həm də bu şəraitdə ölkə iqtisadiyyatını beynəlxalq böhran şəraitindən az itkilərlə çıxarmaq üçün ayağa qaldırıb. Ekspertlər bildirir ki, bu günə qədər həyata keçirilməkdə olan tədbirlər, xüsusən də Nazirlər Kabinetinin, birbaşa baş nazir Əli Əsədovun operativ fəaliyyəti diqqətçəkəndir.

Bir sözlə, Azərbaycan hökuməti iki məsələ ilə ayaqda görünür: Koronavirus məsələsi və neftin qiymətinin düşməsinin iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün fövqəladə vəziyyət rejimində iş gedir. Nazirlər Kabineti çox aktiv fəaliyyətdədir.

Bütün bunlar prezidentin islahatlar nəticəsində qurduğu mexanizmin işlək olması, effektliliyinin göstəricisidirmi?

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin koronavirusla bağlı həyata keçirdiyi bütün önləyici tədbirlərdə yüksək peşəkarlıq, çeviklik özünü qabarıq şəkildə göstərir: “Hökumətin konkret plan əsasında fəaliyyət göstərdiyi və ayrı-ayrı qurumların fəaliyyətinin ciddi şəkildə koordinasiya olunduğu göz qabağındadır.

Neftin qiymətinin aşağı düşməsi nəticəsində yarana biləcək istənilən mənfi tendensiyanın qarşısının alınması üçün intensiv addımlar atılır. Maliyyə bazarı, iqtisadiyyatın ən müxtəlif sahələri ilə bağlı çağırışlara peşəkar, soyuqqanlı və çevik bir reaksiya var. Ölkəmizin neftin qiymətinin aşağı düşməsi ilə bağlı yarana biləcək qlobal böhranın nəticələrinin aradan qaldırılması üçün alternativlərinin olduğu, bununla bağlı hələ xeyli öncə tədbirlər planının hazırlandığı qətiyyən şübhə doğurmur. Bu gün Azərbaycan hökumətinin fəaliyyətində xaotik heç bir amil nəzərə çarpmır”.

Ekspertin sözlərinə görə, nəzərə çarpan ən önəmli məqam bütün dövlət qurumlarının vahid bir mexanizmin tərkib hissəsi kimi, fərdlərin deyil, ictimai maraqların təmin edilməsi məqsədilə çalışmasıdır: “Bu isə şübhəsiz ki, Azərbaycan prezidentinin dövlət idarəçiliyi sistemində həyata keçirdiyi islahatların və kadr siyasətinin nəticəsidir. Ən önəmli məqam isə bu islahatların daha da dərinləşəcəyi barədə verilən mesajlardır. Proses davam edir və biz yaxın gələcəkdə çox ciddi pozitiv dəyişikliklərin şahidi olacağıq. Bu dəyişikliklər isə islahatların növbəti dalğasına ciddi təkan verəcək, Azərbaycanı yeni bir mərhələyə daşıyacaq”.