Devalvasiya baş verəcəkmi? – Qubad İbadoğludan ŞƏRH

“Heç şübhəsiz ki, neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq”.

Aktor.Az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu neftin qiymətinin kəskin ucuzlaşmasını şərh edərkən yazıb.

Qubad İbadoğlunun fikrincə, hər şey neft bazarında ucuz qiymətlərin nə qədər davam edəcəyindən asılıdır: “Əldə edilən gəlirləri 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun (DNF) və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa, hökumət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq. Əks təqdirdə, DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək”.

Ekspertin fikrincə, ucuz neft qiymətləri uzunmüddətli dövrdə (3 ay və daha artıq) davam edərsə, manatın əvvəlki kimi kəskin olmasa da, yumşaq devalvasiyası qaçılmazdır: “ Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin orta müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması hökuməti yenidən devalvasiya getməyə məcbur edə bilər. Amma onu da nəzər alın ki, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da, o bir müddətdən sonra yenidən bahalaşa da bilər, amma qlobal bazarlarda gedən proseslər və koronavirusun iqtisadiyyatda yaratdığı çətinliklər bu ssenarinin ehtimalını aşağı salır.

Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin uzunmüddətli dövrdə onun qarşısını ala bilməz. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası bu gün toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün AtaBank müştərilərinin probleminin həlli yolunu da göstərməlidir. Əks təqdirdə, yaranmış ajiotaj bankları çıxılmaz vəziyyətə sala bilər.

Ehtimallara görə, manatın devalvasiyası baş verərsə o əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq. Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir”.
Q.İbadoğlu banklarda manatla əmanəti olanlara tövsiyələrlə çıxış edib: “Bankda manatla olan əmanəti və nağd vəsaiti idarəetməyin 5 yolu vardır:

1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərinin fərqindən itkilərlə üzləşsələr də vəsaitlərini əksəriyyət tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq.
Qısa və orta müddətli dövrdə az risklidir, uzunmüddətli dövrdə risklidir.

2) Əmanətləri geri çəkmək, eləcə də əldə olan nağd vəsaiti daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və qazancları uzun müddətli dövrə gözləmək lazımdır.
Qısa və orta müddətli dövrdə risklidir, uzun müddətli dövrdə az risklidir.

3) Manatla geri çəkilən vəsaitləri dollara dəyişib bankların seyflərində saxlamaq. Bu variant daha sadədir, etibarlıdır, əlavə gəlir yaratmır, yalnız mövcud olan vəsaiti qorumağa xidmət edir.

Bütün dövrlərdə az risklidir.

4) Manatla olan əmanətləri olduğu kimi saxlamaq.

Qısa müddətli dövrdə az risklidir, orta və uzunmüddətli dövrdə çox risklidir.

5) Vəsaiti dollara çevirib beynəlxalq səhm bazarlarında yerləşdirmək.

Qısa və orta müddətli dövrdə çox risklidir, uzunmüddətli dövrdə az risklidir”.