2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmi 30 faizdən çox artıb – FOTO
“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi inkişaf naziri Maksim Papuşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Aktor.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlərdən də söhbət açılıb. Cavid Qurbanov ölkələrimiz arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu deyib. 2019-cu ildə Rusiya ilə yükdaşımaların həcmində 30 faizdən çox artımın qeydə alındığını diqqətə çatdırıb.
Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6 milyon 240 min ton, 2018-ci ildə 4 milyon 744 min ton, 2017-ci ildə isə 4 milyon 774 min ton yük daşınıb. Beləliklə, 2019-cu ildə iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5%, 2017-ci illə müqayisədə isə 30,7% artıb.
Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.
Maksim Papuşenko Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti (İdarəetmə, biznes və hüquq İnstitutu)”-nun rektoru, professor İmran Əkbərov humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb.
Sonra tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.