Zahid Oruc Rusiyanın nüfuzlu beyin mərkəzinin rəhbəri ilə görüşdü
3 mart 2020-ci il tarixində Bakı şəhərində Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi fondunun baş direktoru Konstantin Abramovla görüşüb.
Aktor.Az xəbər verir ki, görüşdə ictimai rəyin öyrənilməsi sahəsində hər iki mərkəzin təcrübəsindən danışılmış, bu tədqiqatların dövlət-vətəndaş münasibətlərində mühüm rolu qeyd olundu.
K.Abramov ÜİRÖM-nin keçdiyi uzun yol, son illərin mühüm nailiyyətləri, tədqiqatlarda müasir metodların tətbiqi sahəsində qazanılmış uğurlardan söz açmışdır. Qonaq qeyd etmişdir ki, müasir qloballaşan dünyada sosial tədqiqatların tətbiq olunmadığı idarəetmə sistemlərini təsəvvür etmək qeyri-mümkündür. Bu cəmiyyətlə dövlət arasında daha mütəhərrik, effektiv qarşılıqlı münasibətlərin qurulmasına yönəlmiş universal vasitədir.
Öz növbəsində Z.Oruc çox qısa zamanda STM-in gördüyü işlər, ictimai məkanda tutduğu yer, həyata keçirilmiş sorğular, eyni zamanda qarşıda duran mühüm vəzifələrdən söz açdı.
Tərəflər ötən il bağlanmış tərəfdaşlıq sazişini rəhbər tutaraq, birgə layihələrin həyata keçirilməsinin Azərbaycan və Rusiya dövlətləri arasında mehriban münasibətlər nöqteyi-nəzərindən də əhəmiyyətini təsdiqləmişlər. Qarşıdan gələn müddət ərzində işçi qrupun yaradılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Habelə, Rusiya tərəfinin uzun illik təcrübəsindən yaranmış, ictimai rəyin öyrənilməsinin innovativ, effektiv mexanizmlərinin işlənib hazırlanması və tətbiq olunması məsələsi ətrafında fikir mübadiləsi edildi, bu sahədə birgə konkret fəaliyyətlərin həyata keçirilməsi haqqında razılaşma əldə olundu.